Ələsgər Əlioğlu : - QARIŞQA YUVALARI

Ədəbiyyat 08:43 / 06.12.2024 Baxış sayı: 1089

 

Qarışqa yuvaları böyür-böyürə,

Qırtək qara-qara qarışqaların

Hərəsi də öz iş-gücündə..,

Əmin-arxayınca yaşayırlar,

Dünyanın hər bir küncündə...

Allah yaratdığı

Bu qarışqalar

Başını aşağı salıb işləyir,

Gəlmir bir-biriylə kəllə-kəlləyə...

Biri yedəkləmir başqa birini,

Çəkmir fitnə-felə,

Çəkmir kələyə...

Hər biri də bilir öz iş-gücünü,

Qışı gözü altda alıb işləyir...

Biri apardığı dənə-

Bir baxın,

Burda başqasının nəfsi düşməyir...

Qarışqa yuvaları

Bu təbiətin

Həyat dərsliyidir bəşərə bəlkə...

Burda yuvaların hər biri də,

Bir məmləkət...

Bir ölkə...

Burda nə embarqo qoyulur,

Nə də nota verilir,

Yuvalar hərəsi də öz işindədir.

Hərəsi də öz yolunu-izini yaxşı bilir...

Kaş ki, qan axıdan prezidentlər,

Görə bu qarışqa yuvalarını...

Bir az dərs alalar bu təbiətdən,

Bir az dəyişələr havalarını...

25.10.2024