Ələsgər ƏLİOĞLU : - OĞLAĞIN NAĞILI
("Böyüklər üçün uşaq şeirləri" silsiləsindən)
Qarnın belindən keçir,
Oğlaq, ay oğlaq...
Aclıqdan mələyirsən,
Duyan ürəklərə dağ çəkirsən, dağ !..
Gündə bir öynə dadar-dadmaz
Əmməklə,
Çətin ətə-qana dolarsan.
Gözün
Ananın döşünə tamarzı
qala-qala,
Özün də süddən yanıq qalarsan...
Başa torba tikərlər,
Ancaq torba-döşlük tikiblər,
Sənin ananın döşünə...
Qismətinə də sərhəd çəkiblər,
Bir bax bu dünyanın işinə...
Sənə çox görüblər
Ananın döşünü...
Şərik çıxıblar,
Sən əmməli südə...
Dərdini kimə deyəsən,
Hansı meydanda,
Hansı kürsüdə?..
Qarnını doyurmaq istəyirsənsə,
Fikrini sürümə
Arana, dağa...
Canını dişinə tut,-
Əlac qalıb zor-xoş otuxmağa...
22.12.2024