MƏN KİMDƏN SORUŞUM DƏRDİMİN ADIN - Idris Babayev
Çoxunun dərdinə olsam da dərman,
Özümü dərdlərə saldı bu zaman,
Yaman ağır olur adsız dərd, yaman,
Nə soyun bilən var, nə də ki, zatın,
Mən kimdən soruşum dərdimin adın.?
Nə olsun qohumum, əqrabam çoxdur,
"Bir dərdə düşmüşəm bilənim yoxdur,"
Qəlbimə tuşlanan güllədir, oxdur,
Çıxmışam yadından dostun, həm yadın,
Mən kimdən soruşum dərdimin adın.?
Göylərə uzanır əllərim gendən,
Allahın dili yox danışa mənnən,
Kimə sual verib, cavab alım mən,
Mənə cavab verin, Məni aldadın,
Mən kimdən soruşum dərdimin adın.?
Ana, sən olsaydın, əzbər bilərdin,
Üstəlik bəlkə də dərman edərdin,
Adını desənə düşdüyüm dərdin,
Yoxsa kəfəninə büküb apardın,
Mən kimdən soruşum dərdimin adın.?
22.12.24.