Sabir Zəkullaoğlu :- ÖLÜMƏ APARAN SEVGİ…

YAZARLAR 10:45 / 22.12.2024 Baxış sayı: 450

 

Olena Milan şəhərində idman müəllimi kimi çalışırdı. Hansı sahə olur olsun, insan gərək sevdiyi işlə məşğul olsun. Necə deyərlər, gərək sən yox, peşə səni seçsin. Bu baxımdan Olenanın bəxti yaman gəritmişdi. O üzgüçülüklə məşğul idi. Yüksəklikdən tullanmaq üzrə idman ustası idi.

Soruşa bilərsiniz ki, bəxtin Olena ilə nə əlaqəsi var?

Söyləyim:

- Olena peşəsi ilə əlaqəli həmişə çimərlik paltarında olurdu. Yəni onun bədən quruluşunu nəinki hiss etmək, nümayişkəranə şəkildə görmək də mümkün idi. Olena ən ideal bədən quruluşuna malik bir xanımdır. Onun boyu bir metr səksən beş sm, gur, qıvrım saçları, sarı qəhvəyi rəngə çalırdı. Gündəlik məşğul olduğu peşə onun zatən gözəl olan bədən quruluşuna xüsusi bir gözəllik qatırdı. Adətən iş vaxtı saçlarını yığıb, başının arxasında dəstələyirdi. Ancaq işin sonunda vanna otağında duş qəbulundan sonra soyunma otağına gedən zaman gur saçlarını açar, şahzadə yerişi ilə hər kəsi özünə heyran qoyardı.

Heç şübhəsiz ki, Olena ğözəl olduğunun fərqində idi.

Nəzərə alsaq ki, onun tələbələrinin böyük əksəriyyəti oğlanlar idi. Onda onun necə bir diqqət mərkəzində olduğunu anlamaq çətin olmaz.

Hər dəfə hovuzdan çıxanda saçlarından axan suyun, onun sinəsindən süzülərək göbəyində tumurcuqlaması mənzərəsini seyr etmək özü bir tamaşa idi. Onun tələbələrinin içində Mattia adlı tələbə bir oğlan var idi.

Doğrudur, onun yanına gələn tələbələrin hər birinin onda gözü olduğunu Olena özü də hiss edirdi. Ancaq Olenanın münasibəti Mattiaya qarşı odekvat idi.

Mattia hündür boylu, enli kürəkli yumşaq, şümal saçlı, xarizmatik görünüşə malik bir oğlandı. Soruşmadan onun italyan olduğunu dərisinin rəngindən və məxsusi olaraq dəblə geyimindən bilmək olurdu. O hər zaman, köynəyinin ağ, nəzərə çarpacaq böyük yaxalığını geydiyi pencəyin üstünə çıxarırdı. Mattia hər gün üzünü təraş edir, uzun, şümal qara saçları çiyninə qədər uzanmışdı. O, iyirmi dörd yaşın içində idi. Ancaq yaşından çox böyük görsənirdi. Oxuduğu idman akademiyasını bu il bitirəcəkdi. Mattia yarışın bütün növlərində liderliyi qazanırdı. Bu qazancı o əzmkarlığı və fədakarlığı ilə əldə edirdi.

Bəzən qürur və prinsipiallıq insanı nəinki inkişafdan saxlayır, hətta ömrünü çürüdüb, zamanını çalır. Bəzənsə, bu hisslər normanı keçəndə insanın həyatını da əlindən alır. Necə deyərlər, yersiz inadkarlıq ağılslzlıq əlamətidir.

Bir gün adəti üzrə Olena saniyəölçəni quraraq start işarəsini verdi. Yarışın qaydalarına əsasən kim suyun altında daha çox qala biləcəksə qalib o hesab olunacaqdı. Yarışın bu növündə Mattia həmişə ikinci olurdu. Bu dəfə hər kəs suyun altından çıxsa da Mattia sudan çıxmadı. Vaxtın inanılmaz kritik həddin keçdiyini görən Olena dərhal bir anın içində delfin sıçrayışı ilə suya baş vuraraq Mattianın süst olmuş bədənini hovuzdan çıxardı.

Mattianın bütün tələbə yoldaşları və növbətçi həkim nə qədər çalışsalar da onu həyata qaytara bilmədilər.

O, sevdiyi müəlliminə özünü sübut etmək üçün öz həyatını qurban vermişdi.

Çünki yarışdan əvvəl Olena, Mattiaya "sən qalib olsan mən bu gün özümü sənə təslim edəcəyəm" demişdi.