Tovuzda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 71-ə çatıb - YENİLƏNİB 

MƏMLƏKƏT 15:45 / 19.12.2024 Baxış sayı: 639

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə tüstüdən zəhərlənənlərin sayı 71-ə çatıb.

Yenises.az bu barədə APA-ya istinadən xəbər verir.

***

15:30

Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Yenises.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata əsasən, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.

***

14:37

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub".

Bu barədə   Yenises.az-a TƏBİB-dən bildirilib.

Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub:

"Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb".

***

13:53

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub".

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

Verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Bildirilib ki, saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - məlumatda vurğulanıb.

 

***

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.

Yenises.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür.

***

Tovuzda orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.

Yenises.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.

Məktəbin 20-dək şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.