Ayaz Arabaçı - Köhnə dərdə
Köhnə dərdə
təzə təzad deyiləm,
Qapanmışam çox da azad deyiləm,
Mən də elə Koroğlu-zad deyiləm,
Mən də elə qarasına basıram..
Bu gün deyil
-o işığa kor baxım..
Dişimdədi kor düyünüm- kor bağım..
İnim-inim inildəyir torpağım,
Ayağımı,
harasına basıram..
Bu mənəmmi..
-Həlimlərin-həlimi,
Ram elədim içimdəki dəlimi,
Daha mən də and içəndə,
əlimi,
İngilisin parasına basıram..
Zaman qəfil dayana da!.
dura da!
Hanı üzüb can atdığım nur ada..
Gülüm,məni,
pək sevməzlər burada..
Çoxlarının yarasına basıram..
Nə demişdim-
Yara haqdan,duz haqdan...
Hökmən bir gün çıxarıq bu tuzaqdan..
Çətin gündü,
hamınızı uzaqdan,
Qollarımın arasına basıram.