“Atanşik”lərə- Rafail Inceyurd Ismayilov
Vallah, qınamıram sizi yenə də,
Ay mənim başıma oyun açanlar.
Bilirəm boş yerə səhv eləməzsiz,
Yəqin, fırıldağa çox ehtiyac var.
Sizə nə lazımdı? Eləyirəm də,
Gedib orda-burda “lox”du deməyin.
Mən bilim, siz bilin, bir Allah bilsin,
“Bədbəxtin qafası yoxdu”- deməyin.
Onsuz da “krupnu” imkanım yoxdu,
Vallah, olanımdı, qopardığınız.
Sizə qurban olum, ağ eləməyin,
Qoy halal-xoş olsun apardığınız.
Noolar, siz deməyin, özüm deyirəm:
-Dünyanın ən “tupoy” fağırı mənəm.
Onsuz da körpüdən keçən kor döyəm,
Yenə aldanacam halıma binəm.
Reklam eləyəndə hünərinizi
Məndən hər yetənə söz anlatmayın.
Elə yandırın ki, tüstüləndirib,
Arvada-uşağa çox danlatmayın.
Çoxdu danlayanım müdrikcəsinə,
Çəkmirəm gerçəyə qol, danıram mən.
Canım “atanşik”lər, bunuca bilin:
Hər dəfə könüllü aldanıram mən.
11.04.26