OBRAZLI HEKAYƏLƏR TOPLUSU
Müasir Azərbaycan ədəbiyyatında Coşqun Xəliloğlu daha çox şair kimi tanınsa da, onun nəsr yaradıcılığı da ideya-məzmun dərinliyi və bədii-estetik ax-tarışları ilə diqqəti cəlb edir. Bu yaxınlarda onun tanınmış və istedadlı yazıçı Beynəlxalq Andersen Şərəf Diplomu və Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatı laureatı, yazıçı Qəşəm İsabəylinin rəhbərlik etdiyi “Şirvannəşr”də “Avtoqraflı kitab” adlı hekayələr kitabı işıq üzü görmüşdür.
Kitabda toplanmış nəsr əsərləri dövrün ictimai-mənəvi prob¬lemlərini, insanın daxili aləmini və zamanla münasibətlərini bədii müstəvidə əks etdirir. Bu baxımdan Coşqun Xəliloğlunun nəsri müasir insanın psixoloji duru¬munu, mənəvi sarsıntılarını və dəyərlər sistemində baş verən dəyişiklikləri anla¬maq baxımından əhəmiyyətli mənbə kimi çıxış edir.
Yazıçının nəsrində əsas diqqət insan və zaman münasibətlərinə yönəlmişdir. Müəllif qəhrəmanlarını mürəkkəb ictimai proseslərin təsiri altında formalaşan fərdlər kimi təqdim edir və onların daxili dünyasında baş verən ziddiyyətləri ön plana çəkir. Yazıçının dil və üslub xüsusiyyətləri də onun nəsr yaradıcılığının əsas keyfiy¬yətlərindəndir.
Hekayələrdə zaman anlayışı xronoloji ardıcıllıqdan daha çox psixoloji və fəlsəfi müstəvidə təqdim olunur. Keçmiş xatirələr, uşaqlıq yaddaşı, itirilmiş dəyərlər və zamanın insan taleyində yaratdığı izlər əsərlərin bədii struk¬turunda mühüm yer tutur. Yaddaş yazıçının nəsrində yalnız fərdi təcrübənin ifadəsi deyil, həm də milli kimliyin və mənəvi dəyərlərin qorunması vasitəsi kimi çıxış edir.
Topludakı hekayələrin dil və üslub xüsusiyyətləri Coşqun Xəliloğlunun nəsr yaradıcılığının səciyyəvi cəhətlərini aydın şəkildə əks etdirir. Mətnlər sadə, aydın və anlaşılan dildə yazılmış, canlı danışıq üslubu ilə zənginləşdirilmişdir. Hekayələrdə ironiyanın və yumorun yerində, ölçülü istifadəsi hadisələrin dramatikliyini yumşaldır, eyni zamanda sosial reallıqlara tənqidi baxışı gücləndirir.
Coşqun Xəliloğlunun “Avtoqraflı kitab” toplusunda yer alan “Azman sənətkar” hekayəsi müəllifin yaradıcılığında yalançı şöhrət və saxta “istedad” problemini ən kəskin şəkildə ifadə edən bədii mətnlərdən biri kimi diqqəti cəlb edir. Hekayə kitabın ümumi ideya xətti ilə üzvi şəkildə səsləşərək müasir ədəbi-mədəni mühitdə mənəvi deformasiyaların satirik təhlilini təqdim edir. Müəllif bu mətndə istedadsızlığın pul, əlaqə və süni təbliğat vasitəsilə “şöhrətə” çevrilməsi mexanizmini açıq və təsirli bədii ümumiləşdirmə səviyyəsinə yüksəldir.
Müəllifin satirası açıq ittiham formasında deyil, incə bədii detallar və ironik situasiyalar vasitəsilə təqdim olunur. Bu isə hekayənin təsir gücünü artırır və oxucunu birbaşa hökm verməkdən daha çox düşünməyə vadar edir. “Azman sənətkar” hekayəsi “Avtoqraflı kitab” toplusunda təkcə fərdi mənəviyyatın deyil, həm də ədəbi-mədəni mühitin deformasiyasına yönəlmiş ciddi bədii xəbərdarlıq kimi çıxış edir.
Coşqun Xəliloğlunun “Avtoqraflı kitab” adlı nəsr toplusunda insan taleyi, səhv seçimlər və nicat yolu aparıcı ideya xətti kimi çıxış edir. Bu baxımdan kitabda yer alan “Qaryağdı əminin bəxşişi” hekayəsi həm emosional təsir gücü, həm də mənəvi-psixoloji yükü ilə xüsusi diqqət çəkir. Müəllif bu hekayədə müasir cəmiyyət üçün son dərəcə aktual olan problemləri – narkomaniya, gəncliyin yanlış həyat seçimləri və sosial laqeydliyi – dərin psixoloji təsvirlər vasitəsilə təqdim edir. Hadisələrin mərkəzində duran insan taleyi yalnız fərdi faciə kimi deyil, bütövlükdə cəmiyyətin mənəvi məsuliyyətsizliyinin nəticəsi kimi ümumiləşdirilir.
Hekayədə Qaryağdı əmi obrazı xüsusi ideya yükü daşıyır. O, klassik ədəbiyyatda rast gəlinən “xeyirxah ağsaqqal” tipinin müasir bədii variantı kimi təqdim olunur. Qaryağdı əmi nə müdrik filosofdur, nə də nəsihət verən müəllim. Onun gücü sadəliyində, əməli mərhəmətində və insani münasibətindədir.
“Avtoqraflı kitab” toplusunda vicdan, peşmanlıq və mənəvi məsuliyyət mövzuları “Peşmanlıq əzabı” hekayəsində daha dərin və fəlsəfi müstəvidə təqdim olunur. Bu əsərdə hadisə xəttindən daha çox qəhrəmanın daxili dünyası, onun xatirələri və vicdanla üz-üzə qalması ön plana çəkilir. Hekayənin strukturunda daxili monoloqlar əsas yer tutur və oxucu qəhrəmanın psixoloji sarsıntılarını birbaşa hiss etmək imkanı qazanır.
Coşqun Xəliloğlunun “Avtoqraflı kitab” toplusunda yer alan hekayələrdə məişət yumoru və sosial ironiya mühüm bədii ifadə vasitəsi kimi çıxış edir. Yazıçı “Quruçay” və “Orqan” kimi hekayələrində sovet dövrünə xas bürokratik absurd-luğu, savadsızlığın və mənəvi kasadlığın özünü cəmiyyət içində “böyük adam” kimi təqdim etməsini incə yumor və satirik baxışla ifşa edir.
“Avtoqraflı kitab” toplusunda diqqət çəkən digər mühüm mövzulardan biri ikiüzlülük və şəxsiyyət problemidir. “Ekiz qardaşlar” hekayəsi bu baxımdan rəmzi məna daşıyan əsər kimi seçilir. Hekayədə ekiz qardaşlar eyni simaya malik olsalar da, mənəvi keyfiyyətləri və həyat mövqeləri baxımından tamamilə fərqli insan tiplərini təcəssüm etdirirlər. Bu qarşılaşdırma vasitəsilə müəllif cəmiyyətdə məsuliyyətli və məsuliyyətsiz insan modelini üz-üzə gətirir.
“Avtoqraflı kitab” toplusunda Coşqun Xəliloğlu məişət yumoru, sosial ironiya və rəmzi obrazlar vasitəsilə cəmiyyətin mənəvi problemlərini, insan xarakterindəki ziddiyyətləri və sosial ədalətsizlikləri ustalıqla bədii müstəviyə gətirir.
Coşqun Xəliloğlunun “Avtoqraflı kitab” toplusunda “ Hər uşaq bir dünyadır” başlığı altında hekayələr yer almışdır. Əsərlər vahid bədii-estetik xətt üzərində qurulmuş və bütövlükdə müasir Azərbaycan uşaq nəsrinin xarakterik xüsusiyyətlərini əks etdirir. Bu mətnlərdə müəllif uşağın dünyanı dərk etmə prosesini, onun gündəlik həyatla bağlı müşahidələrini, anlaşıqlı və səmimi dil vasitəsilə təqdim edir. Əsərlərin əsas üstünlüyü ondadır ki, müəllif uşaqlara nəsihət vermir, onları mühakimə etmir, hadisələri olduğu kimi göstərir və nəticə çıxarmağı oxucunun ixtiyarına buraxır.
Topluda alleqorik düşüncə ilə yazılmış nağılvari mətnlər də mühüm yer tutur. Bu tip əsərlərdə xeyir və şər, təvazökarlıq və lovğalıq, dürüstlük və məsuliyyət¬sizlik kimi anlayışlar simvolik obrazlar vasitəsilə təqdim edilir.
“Avtoqraflı kitab”da toplanmış əsərlər həm bədii, həm də tərbiyəvi baxımdan bütöv və sistemli bir mətnlər silsiləsi təşkil edir. Coşqun Xəliloğlu uşaq ədəbiyyatının əsas prinsiplərinə sadiq qalaraq, uşağın dünyasını dərindən anlayan, onun psixologiyasına uyğun yazan və milli-mənəvi dəyərləri müasir bədii düşüncə ilə birləşdirən müəllif kimi çıxış edir.
Ümumilikdə “Avtoqraflı kitab” həyatın özündən doğan, gündəlik müşahidələrə əsaslanan, oxucunu silkələyən və düşündürən, məna baxımından dərin və obrazlı hekayələr toplusu kimi dəyərləndirilə bilər. Coşqun Xəliloğlunun nəsri burada səmimiliyi, müşahidəyə əsaslanan bədii yanaşması və cəmiyyətin çox vaxt diqqətdən kənarda qalan mənəvi-sosial problemlərinə toxun¬ması ilə seçilir. Müəllif oxucunu bəzən güldürür, bəzən düşündürür, bəzən isə köv¬rəldir və bu emosional müxtəliflik əsərin əsas bədii keyfiyyətlərindən birinə çevrilir.
“Avtoqraflı kitab” xüsusilə sosial nəsrə, psixoloji hekayələrə və realist ədəbiyyata maraq göstərən oxucular üçün dəyərli nümunədir. Kitab müasir Azərbaycan nəsrində insan və cəmiyyət münasibətlərinin səmimi, bəzəksiz, lakin təsirli bədii ifadəsi kimi diqqəti cəlb edir və müəllifin nəsr yara¬dıcılığının mühüm mərhələsini təmsil edir. İnanırıq ki, Coşqun Xəliloğlunun əvvəlki kitabları kimi bu kitabı da oxucular tərəfindən maraqla qarşılanacaq və sevilərək oxunacaqdır. Biz də öz növbəmizdə müəllifə yen-yeni yaradıcılq uğurları arzulayırıq.
Gülnar Qəmbərova, Filologiya üzrə fəlsəfə doktoru, dosent
