Afiq Muxtaroğlu : - Qayıda biləsən uşaqlığına

Ədəbiyyat 13:06 / 09.11.2024 Baxış sayı: 1636

Qayıda biləsən uşaqlığına,

Başına bir dəstə uşaq yığasan.

Gəzib dolaşasan kövşən yerini,

Ciblərin dolusu başaq yığasan.

 

Görməyin bəs edə uzunquyruğu,

Keçə bir gizilti, keçə canından.

Dinib danışmağa halın qalmaya,–

Çırpına ürəyin həyəcanından.

 

Bir dana yazınıb düşə əkinə,

Naxırçı yüz sözün başına çıxa.

Yetirə özünü qoruqçu Məmmə,

Çığırıb-bağırıb dünyanı yıxa.

 

Tüfəngə çəkilə qoca qoruqçu,

Tuşlaya boşluğa qoşalüləni;

Sıxa güllələri havaya birdən,

Pozula quşların bayram şöləni.

 

Şütüyə qəfildən bir yük qatarı,

Diksindirə səsi çəpgöz dovşanı.

Gözdən itənəcən baxıb dalınca,

Sıxasan köksünə bir qom yovşanı.

 

...Qarşına qıvrımsaç bir uşaq çıxa,

Qəfil qovuşasan uşaqlığınla.

Bir qamçı çəkincə qarğı atına,

Baş-başa qalasan şıltaqlığınla...

31 oktyabr 2024-cü il