Adilə  Nəzər : - ÜZÜMDƏ TAM ƏLLİ DÖRD QIŞ VAR

Ədəbiyyat 08:30 / 09.12.2024 Baxış sayı: 961

 

Üst başımdan tökülən bahar qırıntılarına baxma,

üzümdə tam əlli dörd qış var...

Sıradakı da qapını döyür küləyin uğultusunda,

mən üzüqara arzularımı basdırıram -

körpə qığıltısında...

Qurumuş yarpaqlarda həssas bir sevgi,

köksümdə nəfəs-nəfəsə bir sevda can verir..

Şah damarına toxunuram hər gün ölümün,

ruhumdan torpaq qoxusu keçirirəm.

Amma...

barışığam həyatla.

Ən dəqiq elm riyaziyyatdırsa,

onun da kökündə riya var...

ən dəqiq mənbə tarixdirsə,

onu da baxış bucağı dəyişir..

bütün yalanların kökündə az da olsa doğru var

və bütün doğrularda bir az yalan gizlənir...

İndi mən ögeylikləri silib atmışam

alın təri tək,

doğma laylalar oxunur dodaqlarımda,

Daha ağ göyərçinlər uçur

adıma yazılan tale budaqlarında...

 08.12.2024