"YAD İLMƏDƏN ÇEŞNİ SALIR HƏVƏMİZ"
Bilmirəm Ayaz Arabaçı niyə ad qoymur şeirlərinə, bu suala cavab gözləyirəm şairdən? İndilikdə isə oxucu ərkyanılığı ilə mən özüm bir misranı başlıq - epiqraf seçirəm bu şeirə və Ayaz Arabaçıdan xahiş edirəm mənim bu istəyimi yerinə yetirib şeirini belə adlandırsın!
Dilimizin şəfti şəkəri olan o qədim sözlər; - həvə, ilmə, naxış, cəhrə, hana, çeşni, əriş, arqac, teşi, əlçim, yumaq, kələf ifadələri səslənəndə, qulalarııma sanki ustad Şəhriyar sədası gəlir, nəfəsimə Məmməd Araz nəfəsi qarışır və bir anda özümü ilmə-naxış keçidlərində, əriş-arqac dolaylarında hiss edir - əlimdə, qolumda həvə ağırlığı duyuram.
...Yumaq sarınanda, konfet tapılmasa da ipin ucuna bir tikə qənd qoyub ipi-yumağı o qəndin-konfetin üstünə sarıyardılar. Sonralar yumaq açılanda-işlənəndə sonunda çıxacaq qəndi-konfeti uşaqlar güdər və göydə qapardılar. Mən olan yerdə başqa uşağa bir şey çatmazdı, yumaq hələ tam açılıb qurtarmamış yarımçıq ipi qırıb yumağı qaçırardım.
İndi isə Ayaz Arabaçının başlıq seçdiyim bu gözəl misrası ilə içimdə M. Arazın "bu get-gəllər bazarına dəvədi dünya, bu ömür-gün naxışına həvədi dünya" misraları oxunur, qulaqlarımda "ilməsini kim atdı bu yanlışın" sualı səslənir...
Var olsun Ayaz Arabaçını, mənim batmanqılınc şairimi!
Paylaşmaq istədiyim bu şeirdə digər heç bir misranı təhlil etmək istəmirəm, - "Qara gözlü eşşəyimiz sağ olsun" vaxtımız olacaq ona minib kəhər ata çatmağa, Ayaz Arabaçı şeirlərindən palaz - palaz incələmələr yapmağa.
Aydın Qacar
Beləliklə Ayaz Arabaçıdan.
Yerindədi bərəkəti hələ ki,
Öz evimiz-eşiyimiz sağ olsun.
Çaynikimiz, qazanımız, peçimiz,
Yürgəyimiz, beşiyimiz sağ olsun.
Yad ilmədən çeşni salır həvəmiz,
Kəllə atır babamıza nəvəmiz..
Qoyunumuz, inəyimiz, dəvəmiz.
Buzovumuz,köşəyimiz sağ olsun..
Ağ dənizdə ağ balıqdı baxtımız,
İtə-qurda sərf olundu vaxtımız,
Məzarımız- kəcavəmiz-taxtımız,
Yorğanımız-döşəyimiz sağ olsun.
Hərə bir cür qulluq edir ağıla,
Alma varmı bu axşamkı nağıla,
Yamadıqca-suvadıqca dağılan,
Cırığımız-deşiyimiz sağ olsun.
Bu tayda biz, o tayda siz yoxuymuş,
Özümüzə dönməyə iz yoxuymuş..
Sözdən başqa heç nəyimiz yoxuymuş,
O olmayan heç nəyimiz sağ olsun.
Bəs dedilər min oğuluq-min ərik.
Nədən gedib kölgələrə sinərik..
Köhlən ata çatanacan minərik..
Qaragözlü eşşəyimiz sağ olsun..
Gəlir hələ qulaqlara fitimiz,
Qımıldanır kirimizdə bitimiz...
Xoruzumuz-toyuğumuz, itimiz,
Siçanımız-pişiyimiz sağ olsun..