Xəyalə Sevil - Onsuz da bir təhər keçir
Onsuz da bir təhər keçir-
Kül bunun da gün başına.
Ölürəm, xəbərin olsun,
Can verirəm baş daşına.
Səhərin oğlan çağında
Könlümə bir gecə düşür.
Bilmirsən adın dilimə
Necə gəlir, necə düşür.
Hamı gecikir, geciksin,
Yubanıram, gəl çat mənə.
Axı sən yanımda olsan,
Neyləyəcək həyat mənə.
İndi mənə bircə söz de,
Bircə söz de, uyum sənə.
Bir az ürəyim çəkibdi,
Bir az da ki, suyum sənə.