Tofiq Əmrahov - Tənha bülbül

YAZARLAR 11:00 / 03.08.2026 Baxış sayı: 499

Tənha bülbül

Bir- neçə ilin söhbətidir.

Qapıbir qonşumuzun həyətində bir Qaraağac vardı. Hər bahar gələndə onun başına bir cüt bülbül qonardı.Elə xoşbəxt idilər ki...Səhər tezdən oxuduqları nəğmələr həyətə, yollara, insanların qəlbinə bahar gətirərdi

Ən əsas da bizim

-Amma bir bahar onların yalnız biri gəldi...

Gələn bülbül günlərlə o biri tayını gözlədi, boynu bükük...Hər səhər ümidlə qanad çaldı, hər axşam həsrətlə oxudu.Elə bil hər nəğməsi bir çağırış idi

Cavab verən olmadı.

Bahar bitdi. O, tənha bülbül də uçub getdi. Növbəti baharda isə o da gəlmədi.

Qaraağac əvvəlcə yarpaqlarını seyrəltdi, sonra budaqları qurumağa başladı. Sanki o da başa düşmüşdü ki, o nəğmələr bir daha onun budaqlarında eşidilməyəcək.Günlərin birində əsən güclü külək illərlə bülbüllərə yuva olan Qaraağacı kökündən qopardı

Həyət bomboş qaldı.

O vaxt düşündüm ki, təkcə insanlar yox, ağaclar da, quşlar da sevgi ilə yaşayır. Zevginin yoxluğu təkcə ürəkləri deyil, kökləri də qurudur

-Axı, " Bülbüllərsiz Qaraağac da tənha idi"

Bir səhər alatoran idi. Yenə baharın ilk gəlişi idi. Pəncərəmi nəsə asta-asta döyəcləyirdi.

Başımı qaldırdım

Həmin bülbül idi...O, tənha bülbül...

Pəncərənin önündə durub gözlərini mənə dikmişdi. Sanki nəsə demək istəyirdi. Pəncərəni açan kimi bir anlıq içəri boylandı, sonra qanad çalıb uçub getdi. Dönə-dönə arxaya baxırdı. Elə bil mənlə də xudafisləşirdi

Onun dalınca həyətə çıxdım. Bülbül vaxtı ilə Qaraağacın bitdiyi yerə qonmuşdu.İndi orada yalnız köhnə kötük qalmışdı.Bülbül bir- neçə dəfə kövrək səslə oxudu. O nəğmə əvvəlki nəğmələrə bənzəmirdi. Bu kədərli nəğmə ayrılığın, sədaqətin və xatirələrin nəğməsi idi. Sanki o öz tayı ilə, həm qaraağacla və həm də bir zamanlar orada yaşayan xoşbəxt günləri ilə vidalaçırdı

Mən susub onu dinləyirdim qəmlə, kədərlə...

Elə həmin an başa düşdüm ki, sevənlər heç vaxt tam ayrılmır, onlar gedəndən sonra da xatirələri geri qayıdır.

Bəzən bir bülbül olub pəncərəni döyəcləyir, bəzən də insanın ürəyini...

Bülbül qanad çalıb göylərə qalxdı

Günəş üfüqdən yenicə doğurdu. Mən isə hələ də pəncərənun qabağında dayanıb onun arxasınca baxırdım.

O gündən bəri hər baharın ilk alatoranında pəncərəni açıq qoyuram...bəlkə yenə gələr.

Çünki əsil sevgi heç vaxt ölmür, Tənhalaşlr...

Sadəcə hər bahar öz yolynu tapıb bizi ziyarət edir