Könül Nuriyevaq -İndi biz, göydə Afroditanın arabasını daşıyan göyərçinlə
İndi biz, göydə Afroditanın arabasını daşıyan göyərçinlə
ayağına məktub bağlanan Şərq göyərçini kimiyik,
yorulmuşuq ikimiz də.
Evimiz şərqlə qərbin arasındadır,
müşkül yolumuzun yarısındadır.
Göydə daha qoya bilmirik iz də,
yerə qayıda bilmərik
qəbul etməz bizi dəniz də!..
bir-birinizən savayı kimə deyə bilərik?
—məni əzizlə…
Bəlkə birlikdə olsaydıq, ruhumuzu əcələ verə bilərik
bir-birimizin olmadan görəsən, ölərdik hansı diz də?!
Daha axtarmayaq bir-birimizi,
uça bilmir səbrimiz də…
Daha bir-birimizi yox
qəfəslərimizi istəyirik…
buluddakı addım səslərimizi izləyirik.
Axı bir-birimizi tapa bilmirik,
görəsən, son nəfəslərimizi gözləyirik?
Bizi aldadıb deyiblər ki, azadlığımız göy boydadı,
Mən görmürəm,
sən görürsənmi, ordadı?
Amma bu göy boğur bizi!
Axı o hardan tanısın ürəyimizi?
Sadiq və xoşxasiyyət göyərçin olmaq,
özü əzab çəksə də, ürəklərə sevinc kimi dolmaq,
görəsən bundan başqa, daha nə yazılıb taleyimizdə ?
Arada qışqırmaq istəyir şərq göyərçini,—Erot oyna bizimlə,
Aqrosu xilas edək,
arxamızca buraxaq iki lələk,
nə qədər qovsa da
çata bilməsin sevgimizə külək!..
Qara göyərçinlər olmağa razılaşaqmı?
Bəlkə birlikdə olmaqdan ötrü
daha göyərçin olmayaq,
siyah rəng olaq, eləcə gecəyə qarışaqmı?
Sən də razısansa, onda insanlara “əlvida” deyəkmi?
Bəzən insan dilində danışmağa məhkumuq,
son dəfə kahinlərə kömək edəkmi?
Etməsək, ülkər ulduzundan ömürlük məhrumuq…
Hamıdan uzaqdayıq, deməli hələ məsumuq!
Deməli, hələ kirlənməyib qanadlarımız,
bir ananın çiyninə qonsaq,
kədərin üz qabığını soysaq,
cənnəti qazana bilərik biz.
Darıxmaq keçmişdə qaldı, bizimki tənhalıqdı,
axı göyərçinlər darıxa bilmir, qəlbləri dardı, sıxlıqdı
alınlarına bir yazı yazılıb, adı ayrılıqdı.
Onlar da insan kimidir,
yaş dolanda gözlərinə, baxa bilmir.
Qanadları olsa da,
göyün sahibi olsalar da,
biri o birinin ürəyindən çıxa bilmir…
Könül Nuriyeva