"Dərd ağacım bar verib" - Fərhad Tapdıqoğlu

YAZARLAR 11:38 / 03.08.2026 Baxış sayı: 549

 

Düşüncələr

Çəkdiyim dərdləri çəkib,aparıb,"çəkən " birisi olaydı...

Çəkib "çəkisini" təyin edib,çəkə- çəkə çəkib,yanıma gətirəydi,"çəkisini" mənə deyəydi...şahidi olaydı,biləydi bu çəkidə dərdi mən necə çəkirəm...

halıma yanıb,kənara çəkilib,bir siqaret çəkəydi...

=

Dərdlərim nə qədər sevincə bulaşıb ,batsa da,yenə də dərd qoxusu gəlir,dərd dadır...

=

Sinəmi özlərinə məskən seçən dərdlərim bütün gecəni məni yeyiblər...sonda gərnəşib,gəyirib,əsnəyib ...yuxuya gediblər.

=

Dərd də xəstəlik kimidir.

Xoş xassəlisi də olur,bəd xassəlisi də...

Müalicə ilə sağalanı da, sağalmazı da...

=

Dərd quyusu dərindi,

Suyu buzlu,sərindi.

Dərd ağacım bar verib,

Bacarırsan dər indi.

=

Dərdlərimin deyəsən mənə yazıqları gəlir daha.

Saldıqları vəziyyətə peşman olub,gözlərinin qorasını axıdırlar...

=

Dərdlərim lalıxlayıb,əsil yeməli vaxtlarıdır...

=

Dərdlərimi hörükləməyə ,ayaqlarını çidarlamağa belə ehtiyac yoxdur.

Onsuz da məndən uzağa getməyəcəklər....

Yaxşı tanıyıram onları...

=

İçimdə özünə əbədi məskən salan dərdlərimin bir parası daşlaşıb, dağa dönüb...

İliyimə işləyəni də var,

işləməyəni də...

Məndən dərd iyi gəlir.

=

Mart çıxdı,dərdim çıxmadı..

Elə hey dərdim...çıxmadı.

Qəddimi əydi,çıxmadı...

=

Dərd canıma darışıb,ipəkqurdu yarpağa darışan kimi.

Axırıma çıxacaq...

=

Sevincimi yudum,təmizlədim, arıtladım...

Ondan əsər-əlamət qalmadı...

=

Dəymiş dərdlərimi dərib,sonra kəsib,doğrayıb,dilimləri,paylaşmağın zamanı yetişib...

=

İçim nehrəyə dönüb.Orada olan dərdlərimi çalxalayıb,yağını üzə çıxarıb.

İndi dərdlərimin yağını yeyirəm,ayranını da içəcəm...

=

Xoş əhval-ruhiyyəli günlərimin bəxti qıfıllanıb,möhürlənib, surquclanıb...

=

Dərdlərimdən bişirdiyim şorba içimdəki soyuqluqdan donub...

=

Ürəyimin qatili olan əsəblərim hələ də azadlıqdadır.

Belə davam etsə,bədənimin başqa üzvlərinə də zərər yetirəcək...

=

Dərdlərim çox kövrəliblər, gözlərinin yaşını saxlaya bilmirlər.

Mənim onları necə daşıyacağımı düşünüb,narahat olurlar.

=

Dərdlərimə sosial şəbəkədə yeni profil açmışam...

Ancaq dərdlərimi paylaşmıram...

Dərdlərimin səhifəsinə giriş qadağandır...