Nazim Əhmədli : - GƏL, YUXUMUN ŞƏKLİNİ ÇƏK

Ədəbiyyat 14:15 / 03.08.2026 Baxış sayı: 592

03.08.2026.

 

(Sürrealist şeir)

Gəl, yuxumun şəklini çək,

gör ruhum hardan asılıb;

üzüm payız yarpağı tək,

bir ağ divardan asılıb;

üzüm şəkil deyil, axı,

üzümdə rənglər qarışıb;

çöldə gün tutan yerlərə,

başsız adamlar darışıb;

göy üzü sınıb tökülür,

çiliklənir, şüşə kimi;

saçlarım yenidən qalxır,

bir qaranlıq meşə kimi;

dünya bir çöpün üstündə,

donub qalıb göy üzündə;

buz tutub, donub yanağım,

əl vurma, göm-göy üzümə;

başımdan bulaq açılıb,

göy üzünə dəyir başım;

qalxıb anamı axtarır,

körpəkən ölən qardaşım;

ulduzlardan iynə yağır,

Ay qara kölgə kimidi;

odam qərib gəlir mənə,

bir uzaq ölkə kimidi;

axı, mən şəkil deyiləm,

kim asıb məni, divardan;

gözümün ucunda qalıb,

bu yuxu, ötən bahardan.