Adil  ŞİRİN - Məhbəs şeirlərindən...

Ədəbiyyat 12:15 / 03.08.2026 Baxış sayı: 512

 

Həsrətli anlar günlərə, aylara, illərə dönür. Əzablarım, iztirablarım daha a artır. Mənə elə gəlir ömrümün son anlarını yaşayıram. Bu həsrətə, hicrana köksümün altında bir yaralı quşcuğaz kimi çırpınan ürəyim dözəcəkmi...d

Dörd divar arasında,

Dörd rəngsiz fəsil.

Dörd min ildir bu yerdə,

Mən dustağam elə bil.

Dəmir qapı arxasında,

Solur son arzum, gümanım.

Yollarımdan gözünü yığ,

Ay məndən sevgi umanım.

Ömrümün üstündə gəzir,

Həsrətin, dərdin kölgəsi.

Qeyb olur son ümidlərim,

İçimdə boğulur səsim...

# # #

Dörd divar arasında,

Ulayır yalquzaq külək.

Məzarımı qazın gedim

Görüm nə istəyir fələk.

Yay günü mənim yuxuma

Qar düşər, bəyaz qar düşər.

Gəlsən qapımı döymə,

Barmaqların üşüyər...

Xəbərim yoxdur bu gün,

Yaxınımdan, uzağımdan.

Payız yarpağı kimiyəm,

Ayrılmışam budağımdan...

#. #. #

Bu talesiz ömrümə,

Gün doğmur, yağış yağmır.

Ən dərdli gecələrdə,

Ay pəncərədən baxmır.

Dörd divar arasında,

Qəlbimdə bir həbsxana.

Qəfəsdə bir quş uçur,

Qanadları yana-yana.

Otaqda ölüm mələyi,

Köksümdə fələyin əli.

Dodaqlarımda qan tamı...

Ölmüşəmmi, qalmışammı?

Döşəməyə qan damır...