ƏBÜLFƏT MƏDƏTOĞLU - Günəşin doğulduğu ünvanı göstərən şair
Şair Tahir Rzaya kiçik bir oxucu məktubu
Oxucu qarşısına çıxarılan hər bir ədəbi nümunə həcmindən və təqdimat formasından aslı olmayaraq, özündə müəyyən məqamları, keyfiyyətləri ifadə edir. Yəni ehtiva olunan hər bir çalar özü-özlüyündə söz sahibinin, yaradıcı insanın hiss və duyğularının özəl tərəflərini sərgiləyir. Bu mənada mənim üçün oxuduğum hər bir yeni əsər təbii ki, yenə də həcmindən və təqdimatından aslı olmayaraq bir növ tapıntıdır. Və bir az da açıqlasam, naxışın gətirməsidir. Yəqin ki, bu fikirlə razılaşarsınız. Axı hər adamın naxışı gətirmir! Özü də oxucu olaraq, sözü duyan, sözlə baş-başa qalmağı bacaran yaradılmış kimi...
Bu günlərdə dəyərli ziyalımız, şəxsiyyətinə və yaradıcılığına böyük hörmət etdiyim Tahir Rzadan bir HƏDİYYƏ aldım. Səmimi avtoqrafla bağışlanmış bu kitabın adı dərhal diqqətimi çəkdi. Bu ad Azərbaycan insanının- vətən oğlunun öz yurduna, öz məmləkətinə sonsuz və şəriksiz sevgisini birmənalı olaraq ifadə edir. Kitab “Günəş torpağımdan doğur cahana” adlanır.
Mən bu cümlənin, bu fikrin qatlarına enməyə çalışdım. Daxilən duydum ki, bu cümlədə təkcə bədii fikir yox, bənzətmə yox, epitet yox, birmənalı olaraq bu gün cahanın diqqət mərkəzində olan bir məmləkətin ştirixləri önə çəkilib. Bu, Azərbaycan insanının torpağına bağlılığının təcəssümüdür. Onun 44 günlük zəfərinin ifadəsidir. Onun bölgədə önə çıxmasının, dünya çapında söz sahibi olmasının göstəricisidir. Deməli, müəllif dünyayagələn və artıq oxucunun masası üzərində öz daimi yerini haqq etmiş bu kitabına diqqət çəkən adı verəndə, mənim fəhm etdiyim məqamların hamısını göz önünə gətirmiş və kitabdakı şeirlərin üzünü də, həmin fikri də pardaxlamışdır.
Azərbaycan oxucusu Tahir Rza imzasını ötən əsrin 70-ci illərindən tanıyır. Onun ədəbi cameədə seyrək görünməsinə baxmayaraq, hər kitabı ilə oxucu diqqətini çəkməyi bacaran, “ÖZ oxucusu olan şair” titulunu haqq etmiş müəllif kimi yaddaşına yazmışdır. Ona görə də müəllifin şeirlərində fikir yükü hər zaman öndə olubdur. Yəni pafosdan daha çox gerçəklik və səmimiyyət qabardılıbdır. Məsələn:
Kim deyirsə, ürəyimə hakiməm,
İnanma, ürəyə zor ola bilməz.
Ürək hakimdirsə, onda mən kiməm?
Bunu sevən bilir, aşkar deyilməz.
……………………………….
Varına, gücünə çox güvənmə gəl,
Ürək duyğusuzsa, aciz, yazıqsan.
Əgər ağlın varsa, özündən əvvəl,
Qəlbinin səsini dinlə, ey insan!
“Ey insan” şeirinin ilk və son bəndlərini sizə təqdim etdim, həm də bilərəkdən. İstədim ki, öncədəm söylədiyim poetik nümunədəki təsdiqini özünüz də görəsiniz. Əmin olasınız ki, müəyyən mənada hamının bildiyi gerçəkliyi bu qədər tutumlu, mükəmməl və səmimi təqdim etmək ancaq sözün ruhunu , çırpıntısını yaşaya bilən şairin imkanı daxilində mümkündür. Deməli, Tahir Rza bütün insanların bir zərurətə açıq gözlə baxmasını istəyir. O da hər kəsin öz qəlbinin səsinə qulaq asmasıdır. O səsi dinləyən mütləq məqsədinə istiqamət götürə biləcək. Və onda görəcək ki, həqiqətən günəş bu torpaqdan dünyaya boylanır. Axı biz günəşi buludların içindən çıxaran, haqqı bərpa edən, bayrağına layiq olduğu və haqq etdiyi ucalığa yüksəldən əsgərin,Komandanın yanındayıq. Onlarla çiyin- çiyinəyik.
Başını uca tut, fəxr et, ey əsgər,
Rəhbərin qəhrəman, ordun müzəffər.
Çaldığın qələbə şanlı bir əsər,
Hünərin səs salıb bilki, hər yana,
Günəş torpağımdan doğur cahana.
Gedirik sabaha, biz nura doğru,
Anda, sədaqətə, qürura doğru.
Yeni qələbəyə, uğura doğru,
Yol açır əzmimiz, ruh verir cana,
Günəş torpağımdan doğur cahana.
Zənnimcə müəllifin millət, vətən, bütövlükdə Azərbaycan sevdasını yalnız “əhsən” deməklə onun yanında olmaqdan qürurlu başqa bir məqamı düşünmək artıq olardı. Çünki bu şeir Tahir Rza yaradıcılığında yeni, müstəqil Azərbaycanın hər kəsin duya biləcəyi səviyyədə təqdimatıdır.
Maraqla gözdən keçirdiyim bu kitab daha çox Azərbayacana, onun təbiətinə və insanına ünvanlanmış poetik nümunələrin toplusudur. Amma burda bir gerçəkliyi görməmək mümkün deyil. Həmin nümunələrin demək olar ki, hamısında həm övlad sevgisi, həm də bəşəri sevgi paralellik təşkil edir. Müəllif şeirlrinə öz övlad sevgisi ilə yanaşı, həm də vətəndaş sevgisini də aşılayır. Şeirləri oxuyanda müəllifin duyğularıyla yanaşı, çevrəmizin də, təbii ki özümüzün də Azərbaycana olan sevgimiz həm üzə çıxır, həm də təsdiqlənir.
Mən Tahir Rza yaradıcılığı ilə bağlı öncəki illərdə də bölüşdüyüm bütün yazılarımda həmişə xüsusi olaraq vurğulamışam ki, Tahir Rza qələmində ülvi məhəbbət həmişə tərdir, təravətlidir. Gənclik ovqatlı, atəşlidir. Çünki pak sevgidir, lap el dilində desək, halal məhəbbətdir. Bu məhəbbətə şübhə etmək, yanakı baxmaq mümkün deyil. Çünki şeirin, ruhunda, canında sevən ürəyin, yaşanan duyğuların təkcə çırpıntısı yox, həm də pıçıltısı öz əksini tapır. Məsələn:
Sinəndən asılan daşmı, kəsəkmi?
Dinmirsən, sözləşək, yenə küsəkmi?
Salamı-kəlamı söylə kəsəkmi?
Nə olar danış, din, qurbanın olum.
Sevgi çox şirindi bu dünya kimi,
Ruh kimi, can kimi, bir ziya kimi.
Aldadar əğyarı sirr, röya kimi,
Yuxumuz olar çin, qurbanın olum.
Bir vaxt könül quşun uçacaq, inan,
Tahirin yanına qaçacaq, inan.
Vağzalı dilini açacaq, inan,
Gələcəkdir o gün, qurbanın olum.
Bu şeir mənə görə (təkrar vurğulayıram məhz mənim düşüncəmə və məntiqimə görə- Ə.M) Tahir Rza poeziyasındakı sevgi təranələrinin ən tər nümunəsi, ən gözəl ətir və zövq bəxş edən çiçəyidir. Onu oxuyanda yaşanan və yaşanması qaçılmaz olan sevgiyə baş əyirsən. Elə bu duyğularla da “Günəş torpağımdan doğur cahana” ilk təəssüratımı yekunlaşdırıram. Təbii ki, hələlik. Təkrar kitaba dönəndə, hələ deyiləsi xeyli məqamları sizə çatdıracam.