SEVGİ FƏLSƏFƏSİNDƏ İNSANIN TƏNHALIĞI
İnsan dünyaya tək gəlir, lakin ömrünü tənhalığa məkum etmək istəmir. Varlığının dərinliklərində qarşısıalınmaz bir ehtiyac yaşayır. Anlaşılmaq, duyulmaq, qəbul edilmək və daxili aləmini başqa bir ruhla bölüşmək... İnsan bütün ömrü boyu özünə mənəvi bir sığınacaq, doğma bir yaxınlıq axtarır. Bu axtarışın ən uca adı isə sevgidir. Lakin sevgi insanı tənhalıqdan tamamilə xilas edən bir liman deyil. Əksinə, sevgi bəzən insanın indiyə qədər hiss etmədiyi o gizli tənhalığını daha aydın, daha çılpaq şəkildə üzə çıxarır. Çünki insan sevdiyi zaman yalnız qarşısındakını deyil, həm də öz daxilindəki məchul dünyanı kəşf etməyə başlayır.
Tənhalıq dedikdə çox vaxt tənha bir insan, boş bir otaq, səssiz bir küçə və ya insan ayağı dəyməyən məkanlar canlanır gözümüzdə. Halbuki insanın ən ağır tənhalığı bəzən kütlənin, izdihamın tam ortasında başlayır. İnsan ailəsinin, dostlarının, doğmalarının əhatəsində ola bilər, lakin qəlbində heç kimin toxuna bilmədiyi bir boşluq daşıyar. Hətta sevdiyi insanın yanıbaşında oturarkən belə özünü kimsəsiz hiss edə bilər. Çünki tənhalığın həqiqi ölçüsü yanımızdakı insanların sayı ilə deyil, ruhumuza nə qədər yaxın olmaları ilə müəyyənləşir.
İki insan eyni dam altında yaşaya, eyni süfrəni bölüşə, eyni zamanın içindən keçə bilər, lakin daxili dünyaları bir-birinə əsla toxunmaya bilər. Sözlər deyilər, amma o sözlərin arxasında dayanan ağrı, qorxu, ümid və gözləntilər qarşı tərəfə çatmaz. Belə olan halda fiziki yaxınlıq mənəvi uzaqlığı gizlətməyə yetmir, əksinə, o uzaqlığı daha da qabardır, daha ağrılı edir. Çünki insan tam yanında duran birinə mənən çata bilmədiyini anladığı an həqiqi tənhalıqla üzləşir.
Sevginin ən böyük paradoksu da məhz budur. İnsan sevdikcə yaxınlaşmaq istəyir, lakin yaxınlaşdıqca qarşı tərəfin tamam başqa bir kainat olduğunu anlayır. Hər insanın öz yaddaşı, öz qorxuları, keçmişi, yaraları və heç kimə aça bilmədiyi gizli bir aləmi var. İnsan nə qədər sevsə də, başqa bir ruhu bütövlüklə mənimsəyə bilməz, o, yalnız həmin ruhun ona açılan pəncərələrindən içəri baxa bilər. Bəzən isə o pəncərələr həmişəlik qapalı qalır. Həqiqi sevgi qarşındakını tam əldə etmək deyil, onun daxili dünyasına böyük bir hörmətlə yaxınlaşmaq cəhdidir, qarşındakını tam anlaya bilməyəcəyini bilə-bilə onu anlamağa çalışmaq cəhdi...
İnsan üçün sevilmək böyük bir ehtiyacdır, lakin anlaşılmaq bundan da dərin bir təşnəlikdir. Daxilimizdə sözlərə sığmayan elə hisslər var ki, onları ifadə etmək çətindir. Bəzən insan "incimişəm" demir, sadəcə susur. Bəzən "mənə ehtiyacın var" demək əvəzinə qarşı tərəfin bunu hiss etməsini gözləyir. Bəzən isə qürurunun arxasında ən böyük ehtiyaclarını gizlədir. Qarşı tərəf bu səssizliyin şifrəsini çözməyəndə insan daha da öz içinə çəkilir. Beləliklə, sevginin düz ortasında görünməz bir mənəvi divar ucalır.
Bu məsafə bir gündə yaranmır. Əvvəlcə insan danışmaqdan çəkinir, sonra izah etməyin mənasızlığına inanır. Daha sonra hisslərini daxili zindana həbs edir və nəhayət, qarşısındakı ilə deyil, yalnız özü ilə danışmağa başlayır. Münasibətin ən təhlükəli həddi də budur. Çünki insanın yanında biri varkən, daxilində tamamilə müstəqil, təcrid olunmuş bir həyat başlayır və o həyatın qapıları qarşı tərəfin üzünə qapanır.
Bu sürəcdə sükut həlledici rol oynayır. Hər sükut soyuqluq əlaməti deyil, bəzən sevən iki insan sözsüz də bir-birini duyur, onların susqunluğu belə mənəvi yaxınlıq yaradır. Lakin elə sükut da var ki, içində minlərlə cavabsız sual, sınmış ümid daşıyır. Bu, rahatlığın deyil, uzaqlığın sükutudur. İnsan susur, çünki danışsa da eşidilməyəcəyini bilir. Qarşı tərəf isə sükutu problemin olmaması kimi yozur. Beləcə, iki insan arasında sözlərlə deyil, susqunluqla bəslənən uçurum böyüyür.
Sevgi insanın ən zərif, ən müdafiəsiz tərəflərini üzə çıxarır. İnsan sevməzdən əvvəl özünü sarsılmaz hesab edə bilər, lakin sevdiyi an bir baxışın, bir kəlmənin, hətta bir susqunluğun belə onu necə məhv edə və ya dirçəldə bildiyini görür. Başqa bir insanın davranışları onun iç dünyasının havasını dəyişir. Bu, sevginin gözəlliyi olduğu qədər, məsuliyyətidir də. Sevən insan yalnız öz hisslərinə deyil, qarşı tərəfin qəlbində buraxdığı izlərə də cavabdehdir.
Bəzən insan sevgidən çox diqqətə möhtac olur. Bir zəng, bir mesaj, bir ilıq kəlmə gözləyir. Gözlədikcə münasibətin içində özünə kövrək bir sığınacaq qurur. Lakin gözlənti böyüdükcə xəyal qırqlığı ehtimalı da artır. Biz çox vaxt qarşı tərəfdən öz verdiyimiz qədərini gözləyirik. Halbuki hər kəsin sevgi dili, hiss etmə dərinliyi və mənəvi tutumu fərqlidir. Bu fərqi həzm edə bilməmək tənhalığı daha da dərinləşdirir. İnsan sevilmədiyini qəbul etməkdən daha çox, öz illüziyalarının, xəyallarının gerçək olmadığını qəbul etməkdə çətinlik çəkir.
Qarşılıqsız sevgi də insanı məhz bu nöqtədə böyük sükuta aparır. İnsan içində nəhəng bir hiss yaşadır, lakin o hissin qarşı tərəfdə əks-səda vermədiyini bilir. Bu zaman iki yol qalır, ya həqiqətlə üzləşmək, ya da ümidi həqiqətin yerinə qoymaq. İkinci yol insanı bir müddət uça bilər, lakin onun tənhalığını əbədiləşdirər. Çünki insan artıq real şəxslə deyil, onun haqqında yaratdığı xəyali obrazla yaşamağa başlayır.
Bəzən deyilənlərin əksinə, insan sevgidə qarşısındakını deyil, özünü itirir. Qarşı tərəfi itirməmək üçün öz arzularından, prinsiplərindən, mənliyindən pay verir. Əvvəl bunu fədakarlıq sanır, sonra bu fədakarlıq vərdişə çevrilir. Nəhayət, bir gün dönüb geriyə baxanda öz şəxsiyyəti ilə arasında böyük bir məsafə görür. O, münasibəti qorumaq naminə özünü qurban vermişdir. Yanında sevdiyi biri olsa da, özünə yadlaşmışdır. Bu isə tənhalığın ən ağır formasıdır. Halbuki həqiqi sevgi şəxsiyyəti məhv etməməli, insanı daha da bütöv etməli, onun mənəvi dünyasını zənginləşdirməlidir.
İnsan özünü sevməyi öyrənməlidir. Özünü sevmək eqoizm deyil, öz mənəvi ağrına hörmət etmək, səni alçaldan münasibətdən çəkilə bilmək, öz dəyərini başqasının rəftarından asılı etməməkdir. Birinin səni sevməməsi sənin dəyərsizliyin deyil. Bir münasibətin bitməsi həyatın sonu deyil. Birinin səni anlamaması sənin anlaşılmaz olduğun mənasına gəlmir.
Bəzən insan sevgi ilə itirmək qorxusunu səhv salır. Sevdiyi üçün deyil, tək qalmaqdan qorxduğu üçün bağlanır.
Sevgi etibar və azadlıq yaradır, qorxu isə şübhə və nəzarət tələb edir. Sevgi "sənin xoşbəxtliyini istəyirəm" deyir, qorxu isə "mənim yanımda qalmalısan". Bu səbəbdən insan özünə dürüstcə bu sualı verməlidir: "Mən bu insanı həqiqətən sevirəm, yoxsa təklikdən və onu itirməkdən qorxuram?"
Tənhalıq yalnız sevilməyənlərin taleyi deyil. Bəzən sevilməkdən qorxanlar da tənhalığı seçir. Çünki həqiqi yaxınlıq müdafiə divarlarını yıxmağı, zəiflikləri, keçmişin izlərini və qorxuları göstərməyi tələb edir. Bəziləri bu mənəvi çılpaqlığa hazır olmadıqları üçün sevgidən qaçırlar. Təkliyi seçirlər, çünki təkliyin içində onları heç kim yaralaya bilməz. Lakin qorunmaq üçün ucaldılan divarlar insanı həm də sevilmək imkanından məhrum edir. Sevgi cəsarət işidir, özünü başqa bir insanın qarşısında müdafiəsiz qoymaq cəsarəti...
Bununla belə, sevgi bütün həyatı bir nəfərin üzərində qurmaq demək deyil. İnsan sevdiyi ilə birgə addımlayarkən öz fərdiliyini qorumalıdır. İki insanın birləşməsi bir-birinin içində yox olması deyil, iki bütöv ruhun yan-yana yürüməsidir. Bütün mənəvi ehtiyacları tək bir insana yükləmək münasibəti ağırlaşdırır. Həm dost, həm sirdaş, həm həyatın bütün mənalarını yalnız bir nəfərdən gözləmək ədalətsizlikdir.
Müasir dünyada tənhalıq yeni bir ölçü qazanıb. İnsanlar heç vaxt olmadığı qədər əlaqədədirlər, lakin mənəvi yaxınlıq kəskin şəkildə azalıb. İnsanın insana çatması asanlaşıb, ruhuna çatması çətinləşib. Sözlər çoxalıb, dərin söhbətlər seyrəlib. Yüzlərlə "dost"un, virtual əlaqənin içində içindəki ağrını pıçıldayacaq tək bir ünvan tapmamaq, müasir insanın görünməyən faciəsidir.
Lakin tənhalıq həmişə düşmən deyil. İnsan tək qalanda öz daxili səsini daha aydın eşidir, başqalarının gözləntilərindən azad olub öz həqiqi istəklərini anlayır. Tənhalıq insanın özünə qayıtması üçün lazımi bir sakitlik, mənəvi bir təmizlənmədir. Əlbəttə, insan uzun müddət tənhalıqda yaşamaq üçün yaranmayıb. Lakin başqası ilə sağlam bağ qurmaq üçün əvvəlcə özümüzlə barışmalı, öz daxili evimizi nizama salmalıyıq. Özündən qaçan insan başqa bir ruhda sığınacaq tapa bilməz.
Sevginin en böyük fəlsəfəsi budur. O, insanı başqasına apardığı qədər, özünə də qaytarır. Qarşımızdakı insan bir güzgüdür, o güzgüdə səbrimizi, qorxularımızı, fədakarlığımızı, bir sözlə, özümüzü görürük. Bu baxımdan hər sevgi bizə səsizcə bu sualı verir: "Sən özünü tanıyırsanmı?"
Bəzən insan bu sualın cavabını yalnız ayrılıqdan sonra tapır. Ayrılıq ilk vaxtlar dərin bir boşluq yaradır. Bir mahnı, bir qoxu, bir küçə keçmişin qapılarını taybatay aça bilər. Lakin zamanla anlayırsan ki, sağalmaq unutmaq deyil, sağalmaq keçmişin bu günü idarə etməsinə izin verməməkdir. Bəzi insanlar həyatımıza qalmaq üçün deyil, bizə özümüz haqqında bir həqiqəti öyrədib getmək üçün daxil olurlar.
Beləliklə, tənhalıq cəza olmaqdan çıxıb bir fəlsəfəyə, bir dərkə çevrilir. İnsan anlayır ki, hər gələn qalmaq üçün gəlmir, hər ayrılıq məğlubiyyət deyil. Həqiqi sevgi "sən mənim olmalısan" demir, "sənin varlığına və azadlığına hörmət edirəm" deyə bilir.
İnsan müəyyən mənada həmişə təkdir. Çünki daxilimizdə heç kimin tam ayaq basa bilmədiyi müqəddəs bir məkan var. Sevgi bu tənhalığı tamamən yox etmir, amma onu mənalı edir. Birinin sizi tam anlaması mümkün olmaya bilər, lakin anlamağa çalışması belə möcüzədir. Birinin bütün ağrılarınızı ala bilməməsi təbiidir, lakin o ağrının yanında sükutla dura bilməsi böyük mənəvi yaxınlıqdır.
Beləliklə, sevgi fəlsəfəsində insanın tənhalığı yalnız bir ayrılıq hekayəsi deyil, insanın öz mənliyi ilə başqa bir ruh arasında körpü salmaq mücadiləsidir. İnsan başqa birinin qəlbində yer tapa bilər, lakin öz daxilində məskən salmayınca heç bir münasibətdə huzur tapa bilməz.
İnsan tək doğulur, bəli. Lakin həyatın mənası tənhalıqdan kor-köranə qaçmaqda deyil. Əsas məsələ, tənhalığın içində özünü itirməmək, yaxınlığın içində isə özünü unutmayan bütöv bir ruh olaraq qala bilməkdir. İnsan bir gün anlayır ki, onun ən böyük sığınacağı başqa bir insanın qəlbindən öncə, öz daxilində uzaltdığı mənəvi bütövlükdür.
Və həmin bütövlük yarandığı gün tənhalıq qorxulu bir zülmət deyil, işıqlı bir sakitlik olur. Çünki sevgi başqasına gedən yol olduğu qədər, insanın özünə qayıtdığı ən uzun, ən mənalı və ən müqəddəs səyahətdir.
Sevil Azadqızı
02.08.2026