Firidun Agazade öz statusunu yenilədi. - Ata ocağı
“Çırpısı tətikdə, odunu dəmdə...” – Məmməd Araz
Bu çinar bir kiçik qələmə idi,
Bu söyüd tanışdır pöhrəliyindən.
Mənə xatirə de, ata ocağı,
Mənə xatirə de körpəliyimdən.
Yarpızlı arxlarda nəğmə oxuyan
Bu kəhriz başında ney olaram, ney.
İyun sərçələri ovdan başında
Duyğularım kimi cilvələnir hey.
Hanı qarğı atım,
bir hovur çapım
Gülənbər qarının yastı damında.
O quzu günlərim, qumral günlərim
Hansı dağda qalıb, hansı dumanda?
Bəxtəvər olasan, analı kəndim
Üzümə üz qoyan üzə qurbanam.
Narıncı qotazlar, tirmə naxışlar,
Xəyalıma dolun, sizə qurbanam.
Hanı tələsdiyim hənək yerinə,
Ay vələs ağacı, ay pir ağacı?
Əzəmət xalanın qəbrini gördüm,
Dolaşdı fikrimin əriş-arğacı.
Şirməmməd qayası, Çeşman bulağı,
Kəklikli kövşənlər, xoş gördük sizi.
İrmaqlı güneylər, xəsil zəmilər,
Xatirə gülşənlər, xoş gördük sizi.
Nə bilim arzular aparar məni,
Nə bilim bu yerlər mənsizləşək.
Dərələri kövrək, düzlər kövrək
Bu yerlər əzəl də beləymiş, yəni?..