Xatirə   Rəhimbəyli : -Zalım,həsrətindən pərən-pərəndir,

Gündəm 07:23 / 12.10.2024 Baxış sayı: 1820

Zalım,həsrətindən pərən-pərəndir,

Gözümə gəlmir ki yuxum eyy,yuxum...

Susmuşam...Hicranın qara qurd kimi

Atır ürəyimdə lağım eyy,lağım.

 

Ürək doymadı ki xoş avazından ,

Silinib gedirsən könül sazımdan.

Neynim mən binəva qalan azımnan,

Heçə qurban getdi çoxum eyy,çoxum...

 

Min qarğaşa olsun,qarışmaz başım,

Yenə sən qalarsan sirrim,sirdaşım.

"Sim-sim" söyləməsən,açmaz göz yaşım,

İtər o xəzinə dağım eyy,dağım.

 

Ayrılıq güc gəldi,uzandı söhbət,

Qalmadı sözümdə tərlik,təravət.

Yenə Tanrı versin dizimə qüvvət,

Bu zalım çevrədən çıxım eyy,çıxım.

 

Ömür dedikləri bir içim suymuş,

Ay aman,əvvəli,axırı buymuş?...

Cismim bu buyruğa boynunu əymiş,

Amma üsyan edir ruhum eyy,ruhum..

 

Susmuşam..Hicranın qara qurd kimi

Atır ürəyimdə lağım eyyy,lağım.