Mirqiyas Seyidsoylu- 118 Yaşlı Füzuli Teatrı.

MƏDƏNİYYƏT 10:00 / 10.03.2026 Baxış sayı: 157

10 mart -  MİLLİ TEATR GÜNÜDÜR

 

Bu gün Azərbaycanda teatr sənətinin  yaranmasının 153-cü ildönümü qeyd edilir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da

 

Bakı realnı məktəbinin bir qrup teatr həvəskarı tərəfindən Mirzə Fətəli Axundovun " Sərgüzəşti - vəziri - xani Lənkəran " komediyası əsasında hazırlanmış tamaşa nümayiş olunub.  Həmin tamaşa ilə Azərbaycanda Milli Teatrın əsası qoyulub. Bu tarixi günün yaradılmasında Azərbaycanın görkəmli  maarifçiləri Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun böyük əməyi olmuşdur.

  Azərbaycan incəsənətini, mədəniyyətini və teatrını dünya səhnəsinə, dünya xalqlarına qovuşduran bu tarixi günün yaranışı mənim fikrimcə daha qədim dövürlərə gedib çatır. Belə ki, milli - tarixi keçmişimizə dərindən nəzə yetirdikdə  görürük ki, Kiçik Qafqazın ən hündür dağ silsiləsindən olan, Gəmiqaya yüksəkliyində  ( Naxçıvan MR, Ordubad rayonu, ərazisində yerləşir. ) eramızdan  əvvəl 3-1-ci minilliyə aid qayaüstü rəsimlər mövcuddur. Bu

 

qayaüstü təsvirlərdə insan şəkilləri, insan rəqsləri, yay və ox səhnələri, o cümlədən müxtəlif təsvirlər aşkar olunub. Eyni oxşar qayaüstü rəsmlər Qobustan qayalarında və Kəlbəcərdə tədqiq olunmuşdur. Həmin dövürlərdə insanların ictimai həyatında və məişətində baş verən hadisələrin qədim insanlar  tərəfindən qayalar üzərində təsvirlərə çevrilməsi göstərir ki, tarixən bu coğrafi ərazilərdə yaşayan əcdadlarımız ətrafda baş verən hadisələri düzgün qiymətlədirərək onu təsvirlər vasitəsilə tarixə çevirmişlər. Bu bir daha onu sübut edir ki, ulularımız tarixin bütün dönəmində mədəni yaradıcılığın inkişafında hər zaman fəal olmuşdur.

  Barəsində ilk yazılı tarixi məlumat eramızdan əvvəl 505-ci ilə təsadüf edən və min illərdir xalqımızın milli - mənəvi dəyərlərini özündə yaşadan " Novruz bayramı " günlərində qədim əcdadlarımız

 

tərəfindən keçirilən el şənliklərində müxtəlif mövzulu teatrlaşdırılmış Novruz  adətləri və oyunları da Azərbaycanda teatr sənətinin qədimliyini sübut edir. Qədim dövrlərdən günümüzə qədər gəlib çatan, müxtəlif adət - ənənələri və folklor nümunələri özündə formalaşdıran Novruz şənliklərində xalqımız tərəfindən təbiətdə gedən oyanışı və yenilənməni göstərən bir sıra teatrlaşdırılmış xalq oyunları mövcuddur. Belə xalq oyunlarından biri, sona yetməkdə olan sərt, qarlı - şaxtalı çovğunlu, boranlı və insanları ağır əziyyətlərə düçar edən qış fəslinin başa çatmasını bayram edən yerli əhali bu təbiət hadisəsini, simvolizə edən, " Kosa -Kosa " , Qodu - Qodu ", " Kosa gəlin " və sair teatrlaşdırılmış oyunlar hazırlayırdılar.  Böyük cəsarətlə deyərdim ki, yuxarıda adlarını sadaladığımız bu xalq oyunları, meydan teatrının nüanslarını özündə əks

 

etdirən bədii yaradıcılıq nümunələridir. Həmçinin, İslam dininin Azərbaycan coğrafi ərazilərinə daxil olduğu, xalqımızın inancına çevrildiyi dövrlərdən etibarən, İslam adətlərini, islam müqəddəslərinin həyat tarixçəsini, xüsusilə, Kərbəla faciəsini simvolik formada əks etdirən meydan tamaşaları hazırlayardılar. Bu meydan tamaşalarına el arasında " Şəbih " deyirlər. " Şəbih " sözünün hərfi tərcüməsi " oxşar, bənzər " deməkdir. Adətən islam təqviminə görə məhərrəm ayının 10-cu günü ( aşura günü ) qeyri - peşəkar aktyorların iştrakı ilə açıq havada keçirilən bu tamaşaların senarilərində növhə və mərsiyələr əsas yer tutardı. Hazırda şəbih tamaşaları ölkəmizdə bir sıra bölgələrdə " Aşura " günlərində qeyd edilir...

   Amma və lakin, bu yazını hazırlamaqda mənim məqsədim heç də, tarixi araşdırma və tədqiqat aparmağ deyil. Daha yaxşı olar

 

ki, biz bu işləri öz sahiblərinə, tarixçi,  teatrşünas və teatr tənqidçilərinin ixtiyarına verək...

        

           118 YAŞLI FÜZULİ TEATRI..

  Azərbaycan teatr sənətinin ayrılmaz tərkib hissəsi olan Füzuli teatrı, XX əsrin ilk illərində yarandığı dövrdən etibarən, ölkə mədəniyyətinə, incəsənətinə böyük töhvələr verməklə yanaşı həm də, bölgədə cəmiyyətin mədəni - ictimai həyatının formalaşmasında və inkişafında mühüm əhəmiyyətli rol oynamışdı.

  Araşdırmalar göstərir ki, FÜZULİDƏ  peşəkar teatrın yaradılması, 27 noyabr 1908-ci ildə tanınmış rejissor və aktyor, Əməkdar İncəsənət Xadimi Cəlil bəy Bağdadbəyov və görkəmli ziyalı İbrahim Əbilovun təşkil etdikləri truppa tərəfindən görkəmli Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirovun " Müsibəti - Fəxrəddin "

 

faciəsinin tamaşaçılar qarşısında nümayişi ilə başlanır. ( Sənətşünaslıq  doktoru, professor Vəfa Əliyev.  " Haqqın Səsi " qəzeti, 7 iyun 2000-ci il.) Sonrakı illərdə böyük sənətkar Hüsynqulu Sarabskinin rəhbərliyi ilə dahi bəstəksrımız Üzeyir Hacıbəylinin " Leyli və Məcnun ", " Əsli və Kərəm ", Cəfər Cabbarlının " Aydın ", " Oqtay Eloğlu " və bir sıra ədiblərin dram əsərləri tamaşaya qoyulmuşdu. Sonralar Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Füzulidə, FÜZULİ Dövlət Kolxoz və Sovxoz teatrı yaradılmışdı.

Həmin illərdə teatr böyük sənətkarımız Hüseynqulu Sarabskının adını daşıyırdı. Teatrın təşkili və təşəkkül tapmasında Cəlil bəy Bağdadbəyov, Şamxal bəy Vəzirov, Cəmil bəy Vəzirov qardaşları, Hüseynqulu Sarabski, Zəroş Həmzəyev, Miribrahim Həmzəyev, Sidqi Ruhulla, Kazım Ziya, Mirzağa Əliyev, Mürşüd Haşimli, xalq

 

xanəndəsi Ağabala Abdullayev, rejissor - aktyor Adışirin Əliyev, Mələksima Həsənova, Səfər İbrahimov, Nizami Əliyev, Allahyar Əliyev, Vaqif Rəhimov, Leyli və Əsli obrazlarının təkrarsız ifaçısı Nüşabə Hüseynova, bəstəkar Məmməd Cavadov, Respublkanın əməkdar artisti Nizami Abdullayev, tanınmış tarizən Ramiz Əliyev, Eldar Novruzov, Təşkilat Nəsirov, Rafail Məmmədov, İntizar Quliyeva, Məryəm Məmmədova, Asif Şirinov, Vaqif Vəliyev və başqalarının zəhməti və əməyi təqdirəlayiqdir...

      1980-ci illərin əvvəlləri idi. FÜZULİ şəhərində Mədəniyyət Sarayının qarşısında 3,5 m hündürlükdə  böyük səhnə hazırlanmışdı. Rayonun yaradıcı kollektivləri, Füzuli Xalq Teatrının rejissoru, aktyor - rejissor Adışirin Əliyevin və Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor Əbdül Mahmudovun 

 

quruluşunda dahi şairimiz Məhhəmməd Füzulinin 490-illik yubleyinə həsr olunmuş " Füzuli Füzulidə " adlı çöl şəraitində meydan tamaşası nümayiş olunurdu...

 

 

 

  Vağzalı " sədaları altında bəylə gəlin səhnənin mərkəzinə doğru gəlirdi.. Sağdıc və soldıc onları müşayət edirdi. Minlərlə tamaşaçı ayağa qalxaraq onları alqışlaya-

 

alqışlaya ucadan deyirdilər : " mübarək, mübarək, çox mübarək ", " xoşbəxt olasınız. " Allah sizi qorusun ", " Maşallah - maşallah ", " Bərəkallah "

Onlar səhnənin mərkəzində qoyulmuş bir cüt mikafona yaxınlaşdılar.

- Bəy : Əksilməyir üstündən kaman səsi - tar səsi,

Tükənməyir dodaqdan sevgi səsi-yar səsi,

Hər insanın ötməyə bu torpaqda var səsi,

Başdan-başa musiqidir - nəğmədir, nəğməkardır Füzulim.

 

- Gəlin : Bol sünbüllü zəmilərin bərəkətli tamaşa,

Yol boyunca qürur verir çinarların baş -başa,

Şamamanın köksündəki qızıl ulduzlar qoşa.

Başdan - başa bərəkətdir - bəhrədir, tamaşadır Füzulim.

 

Tamaşaçılar ayağa qalxaraq onları çılğınlıqla alqışlayır və deyirdilər : " var olun ! - var olun !" , eşq olsun Füzulimizə !", " eşq olsun ! "

image1773114175396.png

Füzuli şəhər qəbrstanlığı. Xalq Teatrının rejissoru, tanınmış aktyor və rejissor Adışirin Əliyevin qəbrini oğlu tanınmış aktyor Nizami Əliyev ziyarət edir..

 

Onlar tamaşaçılara baş əyərək yerlərini tutur və taxtın üzərində əyləşirlər.

   Bu zaman,

Səhnəyə gümüşü saqqallı, ağ rəngli əba geyinmiş nurani bir ixtiyar gəlir. Bəylə gəlin ona yaxınlaşır : -Xoş gəlmisən ey nurani müdrik ixtiyar.

- Məhəmməd Füzuli : Əziz övladlar, eşitdim ki, bu gün sizin xoş gününüzdür. Gəldim sizi uğurlayım və xoşbəxtlik diləyim.

- Bəylə - Gəlin : Var olasınız, müdrik ixtiyar. Sizin kimi ulu böyüklərə çox ehtiyacımız var. Biz, sizi tanımadıq. Bu yerlərin adamlarına bənzəmirsininiz ?..

- Məhəmməd Füzuli : Var olasınız, xoşbəxt olasınız, bizi işıqlı gələcəyə aparacaq dərrakəli övladlar. Sizin adınız nədir ?..

- Bəy : Mənim adım Məcnundur...

- Gəlin : Mənim adım Leyladır...

- Leyla və Məcnun : Biz, sizi tanımadıq, siz, kim oldunuz ey, ulu ixtiyar ?...

 

- Məhəmməd Füzuli : Sizin kimi məndə bu torpağın, bu yerlərin, bu el- obanın övladıyam. Bir zamanlar mənim ulu dədələrim sənət və istedad bilicisi olduqları üçün dövrün hakimləri onları Kərbəla torpağına köçürmüşdülər. Mən, qədim oğuz türklərinin Bayat elindən olan elimizin şair oğlu Məhəmməd Füzuliyəm. Kərbəladan İmam Hüseynin müqəddəs torpağından sizlərə salam gətirmişəm...

Səhnədə olan bütün iştrakçılar müdrik ixtiyarın bu sözlərini eşitcək hamısı onun qarşısında baş əyərək bir ağızdan xorla dedilər : Füzuli, Füzuli, Füzuli baba, var ol, səni ey böyük ustad. Ey, millətimin əbədiyyətə qovuşan məhəbbət ilahisi, şeir - sənət incisi...

- Məhəmməd Füzuli : Edəməm tərk, Füzuli səri - kuyin yarın,

- Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim !!

 

Xor kapellası " Füzuli " kantatasını səsləndirir : " Məni candan usandırdı, cəfadan yar usanmazmı,

Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı. "

  Müsiqinin solo hissəsini həzin və məlahətli səsli müğənni Nüşabə Hüseynova oxuyurdu. Mən, hər dəfə Nüşabəni dinləyəndə elə hiss edirdim ki, qulaqlarıma kaman səsi gəlir. Heyif o səsdən, heyif o sənətdən...

Lənət olsun yağı düşmənlərə !..

Gözəl və qaynar həyatımızı məhv etdilər...

  Minlərlə tamaşaçını öz cazibəsinə çəkib sehirləyən bu ecazkar meydan tamaşasını tanınmış rejissor və aktyor Adışirin Əliyev hazırlamışdı. Mən, çəkinmədən cəsarətlə deyərdim ki, Adşirin Əliyev Füzuli teatrının tarixində bu teatrın, məhvərini təşkil edirdi. Sadə dildə desək teatrın dayaq sütunu olmuşdu. O, zaman-zaman öz ətrafında

 

peşəkar və qeyri peşəkar yaradıcı adamları topıayaraq nəhəng və baxımlı tamaşaların quruluşçu rejissoru olmuşdu. Ü.Hacıbəyli " Leyli və Məcnun ", " Əsli və Kərəm", " O, olmasın Bu olsun ", " Arşın malı alan ", Z. Hacıbəyli " Ər və arvad ", " Əlli yaşında cavan ", C.Cabbarlı " Aydın ", " Sevil", " Almaz", İ. Əfəndiyev " Bahar suları", " Mahnı dağlarda qaldı ", M. İbrahimov " Kəndçi qızı ", Səttar Axundov " Yağla kəməndi Bəndalı ", S. Vurğun " Vaqif ", Malik Muxtarov " Üzdənovun məşqi " və s.i.

   Adışirin Əliyev öz yaradıcılıq ampulasında rəhbər kimi olduqca tələbkar, rejissor kimi, tamaşanın yaradıcısı, aktyor kimi, fəal hərəkətli iş görən, müəllim kimi, gözəl pedaqoq, tamaşanı hazırlayan elmi-araşdırıcı tədqiqatçı kimi, pyesin fəlsəfi, tarixi və ictimai-siyasi aspektlərini düzgü mənimsəməkdə aktyorlara psixaloji təsir göstərməyi bacaran, fitri istedada və

 

xüsusi qabliyətə malik əsil yaradıcı şəxsiyyət idi.

    " Rejissor kimdir ?

Rejissorluq sənətinin mahiyyəti nədən ibarətdir ?

 Rejissor tamaşanı həm inzibati, həm də yaradıcılıq cəhətdən təşkil edən sənətkardır. Rejissorluq dram əsərinə obrazlı səhnə təcəssümü vermək, tamaşa qurmaq, bədii və ideoloji cəhətdən tamaşanı istiqamətləndirmək sənətidir. " ( professor Mehdi Məmmədov " Rejissor sənəti. " Bakı - " Maarif " nəşriyyatı.1971-2021 )

  Azərbaycanda milli teatrın yaradılmasında, inkişafında formalaşmasında, onun elmi əsaslarla yüksək professional səviyyəyə çatdırılması və dünya çapında fəaliyyət göstərməsində əməyi, zəhməti olan hər bir yaradıcı şəxsiyyətə minnətdarlıq edir, qarşılarında

 

baş əyir, dünyasını dəyişənlərə allahdan rəhmət diləyir, yaşayıb yaradanlara sağlamlıq və gümrahlıq arzulayırıq.

    Əziz və dəyərli dostlar, 10 mart - Milli Teatr gününüz mübarək olsun !

 

 

----ardı var...