Aləmzər Sadıqqızı - Bulud-bulud hönkürməyə göyüm yox...

Ədəbiyyat 16:09 / 14.03.2026 Baxış sayı: 105

Bulud-bulud hönkürməyə göyüm yox...

Uşaq kimi ağlamağa bucağım...

Özüm tikib, öz əlimlə uçurdum,

Mənim üçün tikilməyən ocağı...

 

Bir səhrada suya həsrət çiçəkdim...

Gündə yağan yağışına aldandım...

Bulud-bulud karvanları ötürdüm,

Bircə damla göz yaşına qalandım.

 

Həyat mənə çox xalılar toxudu...

Mən yeridim tikan üstə, ot üstə.

Çiçək olub bağ-bağçada bitərdim,

Mən cücərdim cadar-cadar çat üstə.

 

Böyümədim, boy atmadım sevgiyə...

Yaz ömrümü tez dəyişdim payıza.

İllərdi ki, yatmadığım gecələr...

Bənzədilər alnımdakı yazıya...

 

Aləm daha çiçək açmaz, gül açmaz...

Nə Günəşə nə bulağa güvənməz.

Sevirsənsə sevdiyini söyləmə...

Nə dodağa, nə qulağa güvənməz!

14.3.2016.