Sabir Zəkullaoğlu - Sevginin individual düsturu...

YAZARLAR 08:10 / 14.03.2026 Baxış sayı: 236

 

Sevginin vahid düsturunu hələ ki tapan yoxdur. Baxmayaraq ki, min illərdir klassiklərimiz bu mövzuda söz sənəti nümayiş etdirirlər, məncə, min illər sonra da bu düsturu tam verə bilən bir şair, yazıçı və ya filosof tapılmayacaq. Çünki sevgi fərdidir, individualdır.

​Düşünürəm ki, bu mövzuda dərin fəlsəfi qatlar axtarmağa lüzum yoxdur. Əsas olan əlindəkini buraxmamaqdır. Sevmək – sənin olanı dəyərləndirmək və qiymətləndirməkdir.

O 'məşhur' düsturun tən yarısı, məncə, elə budur. Qiymətləndirmə elə dərəcədə olmalıdır ki, qarşındakı bunu hiss etsin. Qarşılıq gözləmədən diqqət göstərmək çox önəmlidir.

​Zatən, kimisə sevmək həm də özünü sevməkdir. Sən sevdiyini kiminsə xatirinə deyil, özün üçün sevirsən. Sevdiyin insan sənin şəxsiyyət vəsiqən, mənəvi pasportundur. Sevmək həm də əxlaq və zövq məsələsidir. Sevgidə etdiyin seçim sənin daxili dünyan və mənəviyyatının göstəricisidir.

​Baxmayaraq ki, sevgi sifarişlə olmur, o, həm də bir hiss məsələsidir. İnsanın duyğuları həmişə ağlından öndə gedir. Odur ki, hisslərinə və seçiminə diqqəti heç vaxt əskik etməməlisən.

Təbii ki, sən diqqətini sənin olandan yayındırıb hər gördüyün gülə-çiçəyə sevgi verməyə çalışsan, sevgin parçalanacaq, enerjin tükənəcək. Öz ocağını yandırmağa taqətin qalmayacaq. Bu, fizikanın qanunudur və sən onu dəyişdirə bilməzsən.

Belə olan halda sən səpələnəcəksən; səni bir yerə artıq Allah da yığa bilməyəcək.

​Yeri gəlmişkən, sevgi elə Allah deməkdir. Harada ibadət və sədaqət varsa, demək, orada sevgi var.

Bəzən insan sevgisini minbərdən azan verən mömin kimi car çəkmək istəyir. Sevgi ilə din arasında paralellər çoxdur. Mənim üçün sevgi elə Tanrının özüdür. Məncə, ateistlər daha güclü və sərrast sevə bilirlər. Çünki onların sevgisi uydurulmuş mücərrəd varlığa deyil, məhz sevdikləri real fərdə yönəlib. Obyekt bəllidir: uydurma deyil, hər şey olduğu kimi, realdır.

​Sevgi sözlə ifadə olunmayan bir nemətdir. Onu sənə ancaq sevdiyin insan anlada bilər. Əlbəttə, sözlə yox, sənə verdiyi dəyərlə. Son olaraq onu deyim ki, bəlkə də demək istədiklərimi tam ifadə edə bilmədim, ancaq qənaətim dəyişməzdir: Sevmək — sənin olanı mənimsəmək və onu çox sevməkdir

P.S. Bəlkə də sevginin vahid düsturunun olmaması elə ən böyük düsturdur. Çünki hər kəs öz Allahını öz içində, öz sevdiyində tapır. Real olanı sevmək mücərrəd xəyallara tapınmaqdan daha çox cəsarət tələb edir.