Ayaz Arabaçı - Yollardayam

Ədəbiyyat 10:31 / 14.03.2026 Baxış sayı: 101

Yollardayam,

İzlərimi tanımayan küçələrdəyəm.

Acı soyuq, uzun, qərib

gecələrdəyəm.

Addımlarım bir az yorğun, bir az tələskən.

Özüm seçdim bu yolları özümə məskən.

İllərdi ki

yollardayam bilirəm onu.

Bu yolların hamısının ev olmur sonu.

Küləklərdi-yağışlardı yol yoldaşlarım,

Dualardı-alqışlardı yol yoldaşlarım.

Necə ki, var canımda can, dizimdə təpər,

Ayaqlarım bu yolları öpər, hey, öpər.

Yollardayam, ürəyimi közə çevirib,

Ayaqlarım bu yolları sözə çevirib,

İzsiz-tozsuz yoxa çıxıb çox siluetlər,

Çoxdu könül arxivimdə köhnə biletlər.

Gələnlərin-gedənlərin içində kim yox,

Bircə mənəm qalanların içində ən çox.

Silinməz ki bu yolların xatirələri.

Qaytarmaz ki, yollar mənə ötən illəri.

Hər bir yolda bir mənəvi doğuluş yatır,

Harda durar bu kəcavə, bu qəflə-qatır?

Qayıdarmı könül bir də həmən yolları,

Yollar məndən gəlib keçdi ya mən yolları?

Heç bilmirəm

bu macəra başladı hardan,

Yollar məndən keçdi getdi,ya mən yollardan?..

Yaddaşında həkk olunduq bir-birimizin..

Gah yeridim, gah yüyürdüm gah dizin-dizin..

Yollardayam…

bir az külək, bir az yağış,bir az da qaram,

Yollardayam, bu həyatda neçə ki varam..

Yollardayam, qatarların fitləri ilə,

Küçələrin ac-yalavac itləri ilə..

Neçə dəfə desəm belə son səfərimdi,

Yollar mənim qazandığım hər zəfərimdi.

Bu yollardan xatirədi

saçımda hər dən,

Eh nə qədər adam gördüm bu yollarda mən.

Eh nə qədər üzü gülən, qəlbi ağlayan.

Uzaq-uzaq üfüqlərə ümid bağlayan.

Yazdıqlarım dərdlərimin sərtləri deyil,

Hələ bir az yumşaqları hamarlarıdı..

Yollar mənim tariximin, ip uclarıdı,

Yollar mənim dərdlərimin damarlarıdı..