Sabir Rüstəmxanlı - ANAR GÖZÜMDƏ HƏMİŞƏ GƏNCDİR

YAZARLAR 13:00 / 14.03.2026 Baxış sayı: 179

Bu gün böyük yazıçımız Anarın doğum günüdür.

             ***

Saçları qaçılmaz qədərlə, yəni yaşın ötüb keçməsiylə barışıq bayrağı kimi ağappaq, ömrünün yeddinci onilliyini xırdalayan böyük yazıçımız, dostum mənim gözümdə həmişə gəncdir. Anar adına

qocalıq sözü yaraşmır. Bu, bir təsəlli deyil, doğrudan da, bir sıra təmiz türk adları baba, nənə, ağsaqqal sözlərini özlərinə yaxın buraxmırlar. Sahibləri yaşa dolsalar da bu adlar daim gənc qalır, gənclik

duyğusu oyadırlar... Ancaq Anarı yaşlı təsəvvür edə bilməməyimin əsas səbəbi onun yazılarıdır, əsərlərinin ruhu, ideyası, dili, çağdaş üslubu və ifadə tərzidir. Hekayə, roman və pyeslərində gəncliklə bağlı mövzular üstünlük təşkil edir; tarixi mövzulara da gənclik ehtirası ilə, müasir dövrün yeni idealları ilə yanaşır, sözünün boyası təzə və təravətlidir. Onun qələmində minilliyin o üzündən boylanan Dədə Qorqudla yüz əlli il öncə yaşamış Mirzə Fətəli Axundzadə və ya iyirminci əsrin Cəlil Məmmədquluzadəsi arasındakı milli-mənəvi varislik həm də insanlıq uğrunda, gözəllik və dünyanın xilası uğrunda mübarizənin qırılmazlığı, bədii sözün enerjisinin davamı və inkişafı kimi müşahidə olunur. Anar keçmişi də gənc gözlə, yəni yeni bilgilər mövqeyindən görür. Bu baxımdan onun elmi-ədəbi əsərləri də bədii yaradıcılığı qədər dəyərlidir, hansı dövrdən bəhs etməsindən asılı olmayaraq, qədim tariximiz və ya Dədə Qorqud dünyası haqqındakı bütün axtarışlarında müasir ədəbi-estetik fikrin nəbzi döyünür.

Azərbaycan yazıçıları bir-birini az oxuyurlar. Anar tək-tək o yazıçılardandır ki, qələmindən nə çıxıbsa oxumuş və haqqında bir-iki

dəfə də yazmışam. Bu, yaşadığımız dövrə, tariximizə, ədəbi gedişata, ictimai proseslərə münasibətlərdə ortaq cəhətlərin çoxluğu ilə bağlıdır. Anar müdrik bir fikir, əqidə adamıdır, bəzən axına qoşulmamağı ilə tələskənlərə, vəziyyəti anlaya bilməyənlərə qeybət fürsəti versə də, narazıların sayını artırsa da, ictimai mübarizədən heç vaxt kənarda qalmamış, milli tale ilə bağlı məsələlərdə öz prinsipiallığı və ardıcıllığı ilə həmişə əsl ziyalılıq örnəyi olmuşdur. Anarın

ədəbi yaradıcılığı Yazıçılar Birliyinə başçılıqla bağlı uzanan mübahisə və narazılıqların kölgəsi düşməyəcək ucalıqdadır...

Yaşadığımız faciəli illərdə, Moskvanın xəyanətini görən, Bakının rəsmi dairələrindən əli üzülən millətimizin ziyalıya, o cümlədən Yazıçılar Birliyinə üz tutması, ondan imkan və səlahiyyətlərindən çox-çox artıq şeylər tələb etməsi başa düşüləndir. Anar bəzən

səbirsizlik eləsə də, bu qınaqlara, ittihamlara dözə-dözə Yazıçılar Birliyini də, onun ədəbi orqanlarını da qoruya bilmişdir. Onun ağsaqqallığa mənəvi haqqı çatır. Çünki bu qədər işin-gücün içində

ədəbi prosesi izləyir. Az-çox haqqı olan elə bir müasir qələm sahibi yoxdur ki, onun əsərlərini oxumasın, haqqında maraqlı portret-oçerk yazmasın. Məncə, Anarın uzunömürlülük sirrinin biri də onun bir çox işlərini hələ tamamlamaması, sözünü deyib bitirməməsidir. Ölümdən çarəni, əbədiyyətin dirilik suyunu axtaranlar bilməyiblər ki, bu möcüzə SÖZdür...

01.03.2015