Əşrəf Veysəlli - KEÇMİŞƏM

Ədəbiyyat 13:55 / 14.03.2026 Baxış sayı: 140

 

Keçilməyən keçidləri, sədləri

Mən qan tərə bata- bata keçmişəm.

Neçə- neçə zəlzələdən, tufandan

Allahımdan tuta- tuta keçmişəm.

 

Əlim əlin yuxasından yapışıb,

Öz bəxtimin çuxasından yapışıb,

Gecələrin yaxasından yapışıb,

Gündüzlərə qata- qata keçmişəm.

 

Qarabağın ağ günləri qabaqda,

Qaralıbdır sinəmdəki ocaq da.

Qara bəxtim qar ələyən o çağdan

Misraları çata- çata keçmişəm.

 

Bağlanıbdır mən istəyən yol daha,

Yan , ürəyim, yana-yana qal daha.

Gecə- gündüz əl açıram Allaha,

“Möminata, müslümata “keçmişəm.

Can- ciyərim hərəsi bir tərəfdə,

Canım çıxar görməyəndə hər həftə.


Nə xeyri var,- ya “ Yap”dayam, ya “ Səp “də,

Ya da gedib “Musavat”a keçmişəm.

 

Gün görmədim günnüyündə mən ömrün,

Dəyirmanın dənniyində dən ömrün.

Şennənərdim şənliyində şən ömrün.

İndi daha muğamata keçmişəm.

 

Dəli könlüm dərdi mükafat bilib,

Nə ev bilib, nə evdə övlad bilib.

Köhlən - köhlən kəlmələri at bilib,

Cilovundan darta-darta keçmişəm.

 

Dostlar məni çıxarsa da yadından,

Əl- ələyəm bir vəfalı qadınla.

Ürəyimin infarkt adlı çatından

Sübh havası uda- uda keçmişəm.

 

Bir canım var, neçə cəllad müştəri,

Görən deyir:”nəyin varsa düş bəri”,

Məzhəkeymiş bu ölkənin işləri,

Yandığımdan zarafata keçmişəm.

2000- ci il.