Xatirə Rəhimbəyli : - Mən neynirəm...

Ədəbiyyat 08:15 / 15.05.2025 Baxış sayı: 1510

Mən neynirəm... Mənim yolum ayrıdır,

Ürəyimdə amma bir ad çırpınır.

Xəyallara dən səpdiyim yerdəcə

Görrəm, küncdə bir cüt qanad çırpınır.

 

Bir az sığal çəkirəm ki, ovunsun,

Su verirəm gözlərimin camında.

Daşlayıram, huylayıram, incimir,

Uçub getmir ürəyimin damından.

 

Qəfəsini sındırıram yaddaşın,

Xatirələr pərən-pərən tökülür.

Bir də görrəm, qəh-qəh çəkib uzaqda

Ağlın diri bir çınqısı hey gülür.

 

Yandırıram ürəyimin yaş yerin,

Bəlkə tüstü perikdirə... alınmır.

Öldürəcəm! Mən dəyməmiş görürəm,

Göyərçinim, ayağından qan damır...

Eh... Neynirəm ki... Mənim yolum ayrıdır.