Vasif Süleyman : - ÇİÇƏK

Ədəbiyyat 09:10 / 15.08.2025 Baxış sayı: 2012

 

Səngidi havası, sındı şüşəsi,

Həsrətin bülbülü yaxdı bax, çiçək!

Hərənin payına bir gül düşəsi,

Çəmənə çıxmışdıq baxtabaxt, çiçək!

 

Ətrin bir aləmdi, ömrün bir udum,

Bir udum havaya qaldı umudum.

Söylə kimi sevim, kimi unudum,

Çıxdığın tikanlı taxta bax, çiçək!

 

Onsuz da bu zalım dünyada təksən,

Nə olar, bir çiçək ömrünü çəksən...

Qalsan, öz-özünə üzüləcəksən,

Üzülən ömrünə toxta bax, çiçək!