TÜRK OĞLU TÜRKƏM MƏN -İslam Türkay

Ədəbiyyat 19:58 / 21.03.2025 Baxış sayı: 564

 

Salam,ey mankurt qardaşlar,

Qoyunlaşan Qurd qardaşlar.

Atın keçə papaqları,

Qulaq asın bir an barı:

Göydən gəlib əslim ,soyum,

Mənəm,türk oğlu türkəm mən.

Günəş –mayam.bulud-suyum,

Mənəm,türk oğlu türkəm mən.

Atam—Tanrı, Anam—Bozqurt

Min adım var,yerim-min yurt.

Tatar,türkman,kırğız,başkırt,

Mənəm,türk oğlu türkəm mən.

Bölüyündən uzaq olan,

Öz içində yasaq olan,

Təklənib yalquzaq olan

Mənəm,türk oğlu türkəm mən.

Toprak-- bizə vətən,ana-

Düşübdür min bir dastana.

Gündoğandan –Günbatana

Saran* türkoğlu türkəm mən! (*- tutan)

Qürbət bildim bu aləmi,

Sevdim onu ustad kimi.

Zamanı minib at kimi

Yoran türk oğlu türkəm mən!

Bir vaxt arzuma çatmışdım,

Cəngin daşını atmışdım.

Fil qulağında yatmışdım,

Duran* türk oğlu türkəm mən! (*oyanan)

Yadlaşıbdır bu kənd o kənd,

Altay,Təbriz,Kərkük,Dərbənd.

Parça-parça, böylə, bənd-bənd--

Viran türk oğlu türkəm mən!

Salam,ey mankurt qardaşlar,

Qoyunlaşan qurt qardaşlar,

Atın keçə papaqları

Tanıyın bu dostu,yarı.

Bölünşə də bir elimiz,

Yaşayır Tanrı dilimiz.

Açaq,açaq gözümüzü,

Tanıyaq öz-özümüzü--

Deyək: türk oğlu türkəm mən!

1989