O, əsl cərrah idi...

YAZARLAR 11:40 / 28.12.2024 Baxış sayı: 424

 

 

“...Yaxşıları yaşadağın, unutmayağın, yad edəyin... Unutmağa haqqımız yoxdur...” – deyərdi Arif həkim. Onlardan biri də indi elə özüdür. O, əlləri şəfalı, şirin söz-söhbətli unutmaq olarmı? Yox! Heç vaxt! Həmişə bizimlədir Arif doktor!.. Cismən olmasa da, mənən sıramızdadır... Yaxşıların yaxşısı idi o... Tanıdığım müddətdə haqqında yalnız yaxşı xoş söz eşitmişəm. Dostdan, tanışdan, yaddan da. O, əsil cərrah idi. Sənəti, hər bir hərəkəti ürək, cəsarət tələb edirdi. Kəsirdi, doğrayırdı, böyük məqsədlər üçün. İnsanlara xidmət idi ən ümdə amalı. Bu anlar həm ağladardı, həm də güldürərdi. Ağladardı elə güldürmək, sağaltmaq, yeni həyat vermək, yaşatmaq üçün. Sanki iti bir bıcaq idi, həmn də ki, əvəzsiz məlhəm. Əllərinin yüngüllüyünə, müalicəsiylə şəfa tapacağına hamı inanırdı. Elə ona görə də ondan uzaq düşən, gileyli olan, inciyən yox idi. Özü bir qədər sakit təbiətli olsa da, həmişə üzü, çöhrəsi gülərdi... Onu duymaq lazım idi. O, canıyla, qanıyla xalqına, el-obasına, doğulduğu, boya-başa çatdığı torpağa bağlı idi. Şoranlı, yovşanlı torpaqlarımızı ürəkdən sevirdi. Yoxsa çoxdan şəhərli olmuşdu. Uşaqla uşaq idi, böyüklə böyük. Sadəliyinə, səmimiyyətinə necə də heyran idik. Kaş biləydi ki, vaxtsız gedişi ilə bizləri necə kövrəltdi. Lakin nə etmək... Təsəllimiz, xeyirxah, işıqlı əməlləri, yaddaşımıza hopmuş şirin söz-söhbətləri olub. Deyirlər ki, xəstə yatağında da heç kimə əziyyət vermək istəməyib. Özü özündəkini bilsə də, bir kimsəni qüssələnməyə, qəhərlənməyə qoymayıb. Hətta bir xəstədən qızılgül istəyib. Onda inam yaratmaq üçün. Özü isə həmin gülü əkə bilməyib. Yeri düşəndə deyib-gülüb, danışıb, lap lətifə də söyləyib.

Lakin hər şey ona gün tək açıq-aydın məlum imiş... Həqiqəti üzünə deməsələr də... Moskvada isə demişdilər... Dəyanətinə inandıqları üçün yalnız özünə. Özü isə sirr saxlamışdı. Onsuz da artıq gec idi... Cərrahiyyə əməliyyatı da kara gəlməyəcəkdi. Heç kimə əziyyət vermək istəmirdi. Həkimləri sorğu-suala tutmağa, bir şey öyrənməyə ehtiyac duymurdu.

Çoxlarına əlac edən o, özü indi köməksiz vəziyyətdə idi. Bir tikə çörəyin boğazından nə üçün keçmədiyini, günü-gündən nə səbəbdən qar kimi əridiyini çox yaxşı bilirdi... Bilirdi ki, bu amansız xəstəlik çoxları kimi gec-tez onu da aparacaq. Naqislik bu xəstəliyin  təbiətindədir. Atom əsri də onun qarşısında gücsüzdür.

Bəlkə də o cərrah olduğu üçün ölüm də ona adiləşmişdi? Bilmirəm... Bildiyim odur ki, o axşam görüşünə gedəcəkdim. Onunla son anda əl tutmaq, vidalaşmaq qismət olmadı mənə... Dedilər ki, artıq gecdir.... Bu işıqlı dünyaya əlvida deyib. Ömrümdə heç vaxt belə ağrınmamışdım. Qeyri-iradi: “Yurdumun bir qeyrətli oğlu da getdi” – dedim. Bəlkə də o vaxtın, anın böyüklüyünü o günə qədər beləcə hiss etməmişdim. Və göz yaşları içində onunla olan görüşlərimizi, söz-söhbətlərimizi xatırlaya-xatırlaya donub qaldım. Qəlbimdə isə dünyanın bu sirli  düyünlərinə lənətlər yağdırırdım. Ona görə ki... Gör kimləri, necə insanları vaxtsız-vədəsiz itiririk. Bu itki yamanca kövrəltdi məni. İti cərrah bıcağı dəyməsə də, sızlatdı çoxumuzu. Vaxtsız yoxluğu ağrıtdı hamımızı. Bəlkə də bunları yazıram ki, bir təskinlik tapaq? Bilmirəm... Bildiyim odur ki, gedişiylə hamımızı qəhərləndirdi, kövrəltdi. Bu itki, onun yoxluğu dünyanın sonu tək ağır idi.

Ən ağır anda ona pənah gətirirdik... Söz-söhbətlə ümid, təsəlli tapardıq... Az eşitməmişdik yaxından, dostdan, qohumdan: “Arif doktoru gətirin üstümə... Onun yanına aparın... Yalnız ona razılıq verərəm... O sağaldacaq məni...”. Beləcə ürək dolu inam idi çoxları üçün. Yaşadırdı onları davasız-dərmansız. Axı, o bizim üçün həqiqi cərrah, yaxşı dost, etibarlı qardaş, qayğıkeş ata idi. Vaxtsız-vədəsiz gedişiylə yamanca kədərləndirdi, kövrəltdi hamımızı.

– Arif doktor!.. – Bu müraciət hələ uzun müddət qulaqlarda əks-səda verəcək, qəlbləri titrədəcək. Arif Mürsəliyev!.. Bu ad və soyad öz sahibinin hörməti, izzəti, nüfuzu ilə daha da müqəddəsləşəcək, küçələri, meydanları bəzəyəcək... Hələ çox-çox illər onun işıqlı əməllərindən söhbət açaraq deyəcəyik: halaldır o kişiyə! Əsl cərrah idi, əsl insan idi!..

 

Ə.Soltanoğlu