Tofiq Əmrahov - Baş tutmayan kirvəlik
(hekayə)
Dost idi onlar, uşaqlıq dostları-Arzu ilə Murad
Eyni kəndin uşaqları idilər. Uşaqlıqdan bir- birinin dostu, sirdaşı, dərd ortağı olmuşdular. İndi isə artıq yaşları otuzu haqlayırdı.
Dərd onda idi ki, hər ikisi bir qızı sevirdi- Bənövşəni. Bənövşə isə Arzunu sevirdi. Muradı isə heç yuxusuna belə yaxın buraxmırdı...
Murad hər görüşdə, hər söhbətdə eyni şeyi deyirdi:-Ayə, bu evlənənlər sənəmi evlənir. Kimi gözləyirsən, evlənsənə...
Arzu isə həmişəki kimi gülümsənər, mövzunu dəyişərdi.
Murad isə hiss edirdi ki, bu gülümsəmənin arxasında görünməyən nəsə var...
Arzu isə Murada: -Qağa evlənmək elə yaxşıdırsa özün niyə evlənmirsən?
Murad isə bir anlıq duruxur, sonra əlini Arzunun çiyninə qoyub gülür: -Mənim işim başqadır ay dost. Sənin sevənin var, mənim isə yox!
....
Murad Bənövşəni çox sevirdi, Bənövşənin isə sadəcə Muradı görməyə gözü yox idi.
Murad bu sevgini heç kəsə bildirmirdi, heç Arzuya da. Ancaq Arzu duymuşdu.
Murad bu sevgini ürəyində ağır bir yük kimi ürəyində gəzdirirdi. Onun gülüşlərinin, zarafatlarının arasında gizlənən də elə bu idi.Arzu isə dostunun qəlbinə toxunmamaq üçün çox dərinə getmək istəmirdi.Sadəcə hərdən yavaşca deyirdi: -Ayə onu bil ki, sən evlənməmiş mən evlənən deyiləm. Murad isə başını silkələyib irişərdi.
O gülüşdə ümid də vardı, ümidsizlik də
Arzunun da fikri-zikri Bənövşə ilə idi. Onu həyatında görmək, ömrünün sonuna kimi bir yerdə həyat sürmək idi. Ancaq, bu istək sanki qadağa olunmuş bir arzu kimi içində gizlənirdi.
Bənövşə də Arzunu sevirdi. Sadəcə bu sevgi elə bil yuxudaydı, hələ oyanmamışdı.Nə də oyanmağa cürət etmirdi. Onların baxışlarında, susqunluqlarında bir sirr vardı. Amma bu sirri heç kəs dilə gətirmirdi. Ən çox da Murad...
Günlər keçdikcə susqunluq daha da ağırlaşırdı.Hər baxışda, hər təsadüfi qarşılaşmada deyilməyən sözlər qalırdı.
Bu axşam həyətdə tək qalan Arzu öz-özünə pıçıldadı:- Bu belə davam edə bilməz. Mütləq Bənövşə ilə danışmalıyam...Elə həmin gün Bənövşə ilə ilk dəfə ürəyində gizlətdiyi hisslərdən qaçmağın mənasız olduğunu anladı. Bu sevgi artıq yuxu deyildi- oyanmaq istəyirdi. Onların söhbəti uzun çəkmədi. Çünki hər ikisi eyni hissi yaşayırdı. Sadəcə deməyə cürət etməmişdilər.
-Mən səni...-Arzu sözə başladı.
-Bənövşə gülümsədi:- Bilirəm!
-Bəs sən?
-Mən də!
O axşam hər şey dəyişdi...
***
Toy günü gəlib çatmışdı. Arzu ilə Bənövşə yan- yana oturmuşdular-sanki illərlə susan bu sevginin cavabı kimi....Murad isə onların yanından əl çəkmirdi. Zahirən gülür, şənlənir, hamı ilə zarafat edirdi.Arzunun yanından bir an belə ayrılmırdı.-Ayə bu gün sənin günündür eyy, sənin- deyib gülürdü. Ancaq içindən qara qanlar axırdı, Bənövşəyə qovuşa bilməmişdi.
Gözləri bir an Bənövşəni buraxmırdı. Hamı oynayıb güləndə Muradın içində sakit bir sükut hökm sürürdü. Ürəyinin başında sanki görünməz göz yaşları damcılayırdı. O, ümidini itirməmişdi...amma içində bir arzunu torpağa tapşırmışdı.Ancaq bunu heç kəsə hiss etdirməmişdi. Çünki bəzən ən böyük sədaqət öz dərdini gizlədib, dostunun xoşbəxtliyinə sevinə bilməkdir.
Toyun şıdırğı vaxtında Murad əyilib Arzuya:- Oğlun olsa kirvə özüm olacam. Arzu bir anlıq duruxdu, sonra öz -özünə təbəssüm gəldi.
Masa ətrafında hamı gülüşdü. Zarafatlar və gülüşlər kəpənəklər kimi havada uçurdu...
Arzu bunu səmimi dost kimi qəbul etdi. O, Muradın niyyətini dərindən anlamadı. Zaman keçdi, onların bir oğlan uşağı dünyaya gəldi. Murad isə öz diliylə kirvə mənəm demişdi. Arzu isə dostunun sözünü yerə salıb, qəlbini qırmamışdı. Adətə uyğun olaraq "kirvə" mərasimi quruldu. Elə həmin gündən Murad ailənin ən yaxınlarından biri kimi bu evə, bu həyata ayaq açmağa başladı.
Lakin o gün Muradın daxilində qəribə bir təlatüm var idi. O, bu mərasimi yalnız bir adət kimi yox, öz ürəyində gizlətdiyi arzulara aparan bir yol kimi görürdü. Halbuki el arasında kirvəlik müqəddəs qohumluq sayılır. Kirvə olanlar bir- birinə yaxın qohum kimi baxır, aralarında evlilik belə haram sayılırdı.
Murad isə bu həqiqəti bilə- bilə öz hissləri ilə mübarizə apara bilmirdi. Bənövşənin hər baxışı, hər duruşu onu daha da çıxılmaz vəziyyətə salırdı. O artıq anlayırdı ki qurduğu planlar onu arzusuna yox, daha böyük bir mənəvi çıxılmaza aparır. Murad bir gün öz-özünə düşündü:- Bəzən insan ürəyinin istədiyi ilə doğru olan arasında qalır. Mən isə yanlış yolu tutdum.
O gündən sonra Murad dəyişməyə başladı. O, özünü bu evdən uzaqlaşdırdı. Çünki anlayırdı ki, bəzi hisslər yaşanmalı deyil, susdurulmalıdır.Kirvəlik isə oyun deyil, pozulmamalı bir sərhəddir.
Murad ona görə uzaqlaşdı ki, heç kəs duyuq düşməsin. Bilirdi ki, birdən-birə yaxınlıq şübhə doğura bilər. Ona görə məsafə saxlamalı və az-az görünməyə başladı.Sanki əvvəlki dostluq da soyuyurmuş kimi davranmağa başladı.Bu onun cızdığı planların bir hissəsi idi.
Arzu ilə Bənövşə bu dəyişmədən narahat olmağa başlamışdılar. "Görəsən niyə gəlmir, niyə uzaqlaşıb" deyə düşünürdülər.Dəvət olunanda çox vaxt bəhanələr gətirirdi. Sonra arada bir gedər, tez də qayıdardı. Beləcə onun gəliş- gedişi adət halını almağa başlayır. Hər gəlişində Murad daha sakit, daha ölçülü davranırdı. O, artıq tələsmirdi. Bənövşə ilə açıq-aşkar yox , xırda baxışlarla, xırda söhbətlərlə, təsadüfi kimi görünən anlarla əlaqə qurmağa çalışırdı. Bənövşə əvvəlcə heç nə hiss etmirdi. Amma zaman keçdikcə Muradın baxışlarında fərqli bir istilik, fərqli bir məna olduğunu duymağa başlayır.
Bu isə onun daxilində qarışıqlıq yaratdı. O, nə baş verdiyini anlamağa çalışırdı- bu sadəcə köhnə tanışlığln doğmalığı idi, yoxsa başqa bir oyun?
Murad isə səbrlə gözləyirdi. O, bilirdi ki bəzi qapılar zorla açılmır- yavaş- yavaş hiss olunmadan aralanır. Amma bu yol təhlükəli idi. Çünki hər addım " onu həm istəyinə yaxınlaşdırır, həm də geri dönüşü olmayan bir nöqtəyə aparırdı"
Bir gün yenidən kirvə gilə təşviş buyurmuşdu.Hər şey adi görünürdü . Çay süfrəsi, sakit söhbətlər, gündəlik qayğılar ...
Muradın gözlədiyi an gəlib çatdı. Otaqda tək qalmışdı, telefon da masanın üstündə. Bu Bənövşənin telefonu idi. Cəld həmin telefonla öz nömrəsini yığdı, hər şey hazır idi. Nömrə düşmüşdü. Telefonu yerinə qoydu- sanki hər şey heç nə olmamış kimi...
Artıq Murad istəyinə nail olmuşdu. İstədiyi vaxt Bənövşə ilə danışacaq, məqsədini ona çatdıracaqdı.
Günlər gəlib keçirdi. Murad tələsmirdi, əlverişli zaman gözləyirdi. Bir gün, hər şeyin sakit olduğu bir vaxtda Bənövşənin nömrəsinə zəng edir
İlk zəng cavabsız qalır. İkinci dəfə yenə zəng çalınır. Bu dəfə Bənövşə tərəddüdlə:- Alo?
- Mənəm, Murad!
- Xəttin o biri başında sakitlik yaşandı. Bənövşə bu zəngi gözləmirdi. Səsində həm təəccüb, həm də narahatlıq var idi:-Bu nömrəni hardan almısan?
- Murad bir an susdu, sonra sakit səslə dedi: -Hardan tapmaq vacib deyil, vacib olan odur ki, deməli sözüm var, onu dinləməlisən.
- Bu sözlər Bənövşənin ürəyində qəribə hisslər oyatdı. O, danışmaq istəmirdi. Amma telefonu da söndürə bilmirdi. Murad davam edir:-Mən səni unutmadım Bənövşə. Vaxt keçdi, hər şey dəyişdi...amma içimdə olanlar dəyişmədi.
- Bu etiraf otağın içində oldusa da Bənövşənin qəlbində ağır bir yük kimi əks səda verdi.
- O, artıq hiss etməyə başladı ki, bu sözlər sadə söz yığını deyil- bu sözlər sərt dönüşü çətin olan bir yolun başlanğıcıdır.
- - Murad, bu düzgün deyil...- deyə nəhayət Bənövşə dilləndi- bizim aramızda artıq sərhədlər var
- Murad isə sanki bu cavabı gözləyirmiş kimi sakit danışdı-Bəzən insan sərhədləri yox, ürəyini dinləyir.
- Telefonun o biri başında yenə sükut...
- Və beləliklə onların arasında gizli, səssiz bir bağ yaranmağa başladı. Sözlərinə yox, gizli zənglərinə, yarımçıq qalan cümlələrlə deyilməyən hisslərlə...
- Amma bu bağ nə qədər davam edə bilərdi. Həqiqət gec, tez üzə çıxacaqdı...və o zaman heç nə əvvəlki kimi qalmayacaqdı. İlk zənglərdə Bənövşənin səsi mülayim idi. O, Muradın məqsədinin dərinliyinə varmaq istəyirdi.O, nə baş verdiyini tam anlamağa çalışırdı. Murad bir növ bu sözləri keçmişin kölgəsi kimi qəbul edirdi.Hər dəfə danışanda " bu sonuncu dəfə olsun" deyə düşünürdü.Amma Murad hər dəfə söhbəti elə qururdu ki, Bənövşə telefonu söndürə bilmirdi. Zaman keçdikcə bu zənglərdəki yumşaqlıq azalmağa başladı. Bənövşə artıq Muradın sözlərinin təsadüfi olmadığını anlayırdı.Bu keçmiş hisslərin təsiri yox, məqsədli bir yoxlama idi.
- Bir gün Murad yenidən zəng elədi. Səsi əvvəlki kimi sakit, amma israrlı idi
- -Sən də hiss edirsən...sadəcə demək istəmirsən!
- Bənövşə bu dəfə dərhal cavab verdi, səsində əvvəlki tərəddüd yox idi.
- Yox Murad. Mən heç nə hiss etmirəm. Sən isə hiss etdiyini düşünürsən. Murad susdu. Bu cavab onun gözlədiyi cavab deyildi. Bənövşə davam etdi:-Əvvəllər səni qırmamaq üçün yumşaq danışırdım.Amma sən bunu başqa cür başa düşdün. Bu zənglər, bu söhbətlər sənə yaraşan deyil. Onun səsi gəldikcə sərtləşirdi. Bu sərtləşmək təkcə qəzəbdən yox,həm də özünü dost- kirvə kimi sırınan bir qeyri insana görə idi.
- Başa düş Murad, mənim ailəm var. Bu sadəcə bir cümlə deyil. Bu mənim seçimimdir. Və mən o seçimi axıra kimi qoruyacam. Sən və sənin kimilər bilsinlər ki, mən Atamın, qardaşlarımın və nəhayət gözümün işığı sandığım həyat yoldaşım Arzunun namusuyam. Mən o namusu heç bir səviyyəsizə qurban vermərəm. Aç qulaqlarını yaxşı- yaxşı eşit özün Arzuya bildir, bildir ki, sənin kimi qeyrətsizlər bizimlə birgə addımlaya bilməz. Elə et ki, sənin şərəfsizliyin kəndə yayılmasın... Bir sözlə səni bu kənddə görmək istəmirəm. Görünmə gözümə...
- Murad ilk dəfə idi ki , bu qədər açıq və təhqiredici cavab eşidirdi. Onun qurduğu incə planlar bir anda mənasını itirdi.
- Murad nəhayət başa düşdü ki, bəzi qapılar səssizcə bağlanır- nə döymək, nə də zorla açmaq mümkündür.
- Bənövşə isə daxilində bir rahatlıq hiss etdi, o təkcə bir vəzifə deyil, öz şərəf və ləyaqətini toxunulmaz saxlamaq idi.