Adil Şirin- Yağış yağır, yağış yağır gecədən

Ədəbiyyat 12:34 / 29.03.2026 Baxış sayı: 487

* * *

Yağış yağır, yağış yağır gecədən,

Yata bilməmişəm, yuxusuzam mən...

Bu yağış, bu yağış, yağır hardasa,

Bir qərib şairin tənhalığına.

Bu yağan yağışda tənha adamın,

Kədərli fikirlər gəlir ağlına.

Yağış yağır, yağış yağır...

Alnını dirəyib soyuq şüşəyə

Bu yağan yağışa bir uşaq baxır...

Bu yağan yağış göyün alqışı,

Bu yağan yağış sevgi yağışı,

Ayrılıq yağışı, ümid yağışı...

Yağışın sirrini bu yer üzündə,

O balaca uşaq bilirdi bəlkə.

Alnını dirəyib soyuq şüşəyə,

Baxırdı gözləri yol çəkə-çəkə...

Günahkar könlümüz göylərə vurğun,

Yağış, yağış, yağış yağır...

Alnını dirəyib soyuq şüşəyə,

Bu yağan yağışa bir uşaq baxır...

Mən də bir bulud tək dolaydım, Allah,

O uşağın yerinə olaydım, Allah...