Seyran Səxavətin günahı nədir?..
Bəlkə də, çox adama adi görünür, amma nədənsə belə məsələlərə biganə qala bilmirəm. Bəzən baxırsan ki, layiq olmayan hansısa adama medal, orden və ya hansısa fəxri ad verilir. Fəqət, illərlə abırına sığınıb xalqa və dövlətə xidmət edən insan unudulur...
Gəlin əvvəlcə Seyran Səxavətin tərcümeyi halına qısa bir səyahət edək. 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olan bu şəxs həyatında hansı səhvlərə yol verib ki, “Dövlət baba” onun 80 illik yubileyinə münasibət bildirmədi. Axı, buna səbəb olan səbəb nədir?
Bu adam, 1964-1970-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alaraq fars dili üzrə tərcüməçi ixtisasına yiyələnib. Sonra bir müddət xidmət keçdiyi SSRİ Müdafiə Nazirliyinin tərkibində tərcüməçisi kimi fəaliyyət göstərib. 1973-cü ildən, 23 yaşından etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan "Ədəbiyyat və İncəsənət" qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrində çalışıb. 1976-1981-ci illərdə "Ədəbiyyat və İncəsənət" qəzetində, 1981-1991-ci illərdə isə "Ulduz" jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində işləyib. Milli teatrlarımızın səhnə-tamaşa həyatının elmi-publisistik və sənədşünaslıq yönündən işıqlandırılmasında, Azərbaycan ədiblərinin nəsr əsərlərinin (hekayə, povest, roman) seçilib nəşrə hazırlanması və geniş oxucu dairələrinə çatdırılmasında uzunmüddətli, ciddi əmək sərf edib...
1970-ci ildə ilk şeir kitabı – "Adalar", 1977-ci ildə yenə poetik axtarışlarından ibarət "Mənim planetim" kitabı çap olunub. Hətta xaricdə tərcüməçi işləyərkən qələmə aldığı ilk hekayəsi – "Hamı elə bilirdi" adlı əsəri 1976-cı ildə "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunub. Onun şeirləri və nəsr əsərləri dünyanın bir çox dillərinə – türk, əfqan, ingilis, fransız, alman, ispan, rus, fars, ərəb, ukrayna, gürcü, erməni, tacik, qırğız, moldova, altay və s. çevrilib. Keçmiş SSRİ-nin, indiki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işıq üzü görən nəsr əsərlərindən ibarət kitabı 100 min tirajla yayılıb. 1990-cı ilin qanlı yanvar hadisəsi zamanı SSRİ hökümətinin Bakıya xarici jurnalistlərin gəlişini qadağan etdiyi bir vaxtda, Paris televiziyasından Marina Jakumenin rəhbərliyilə dörd nəfərdən ibarət heyətin Tiflis üzərindən ölkəmizə səfər etməsini təşkil edib. 20-dən yuxarı kitabın müəllifidir...
Onun bədii publisistika və bədii tərcümə sahəsində xidmətləri də oxucuların yaddaşında dərin izlər buraxıb. Azərbaycanın xalq artisti, ilahi qüdrətdən gələn bir səslə Azərbaycan muğamlarını və xalq mahnılarını ifa edən xanəndə Qədir Rüstəmovla "Atüstü söhbət" əsəri ədəbi müsahibə janrına yeni nəfəs verib. Məhz bu janrdan novator istifadə məharəti sonralar ona bədii-publisistik üslubda "Palıd toxumu", "Bəhanə" kimi iri həcmli romanları, "Kasıb" başlıqlı satira və yumor silsiləsini yaratmağa imkan yaradıb...
Bunlardan əlavə, o dünya ədəbiyyatından bir qism örnəkləri, o cümlədən Azərbaycanın dostu, "Drujba narodov" jurnalının baş redaktoru A.Ebonoidzenin "İki ay kənddə və ya imeretsayağı evlənmə" romanını doğma dilimizə çevirib. O, həm respublikada, həm də dünya səviyyəsində bir çox dövlətlərdə (Fransa, ABŞ, İngiltərə, İran, Türkiyə, İtaliya, İspaniya və s.) zaman-zaman ölkəmizi təmsil edərək, konfrans və simpoziomlara qatılıb. Müstəqillik illərində kütləvi informasiya vasitələrinə verdiyi yeddi mindən artıq müsahibə ilə Azərbaycan həqiqətlərinin carçısı rolunda çıxış edib...
Onun "Qızıl teşt" pyesi 1988-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, "Büst" pyesi 1989-cu ildə Lənkəran Dövlət Dram Teatrında, "Qapıların o üzündə qalan dünya" adlı əsəri 1990-cı ildə Füzuli Dövlət Dram Teatrında tamaşaya qoyulub...
Arzu Əliyevanın təşəbbüsüylə lentə alınan Bakı Media Mərkəzinin zəfərimizə həsr etdiyi- "Biz" filmi onun çıxışı və ideyası əsasında çəkilib...
Nə isə, hal-hazırda 80 yaşı adlamış bu insan, bir ədib olaraq AYB-də məsləhətçi vəzifəsində çalışır. Yəni bu yaşında da öz dəyərli məsləhətləri ilə ədəbiyyatımıza xidmət edir. Amma hələ indiyənədək Dövlətimiz tərəfindən heç bir ali mükafata layiq görülməyib...
80 yaş ömrün elə bir vaxtıdır ki, obrazlı desəm, xırda bir ağrıdan, adi bir narahatlıqdan insan səksənə bilir. Yəni- bu gün varsan, sabah yoxsan- məntiqi ona nəfəsi qədər yaxın olur...
Bəli, yazıçı, şair, publisist, dramaturq, tərcüməçi Seyran Səxavətin 80 yaşında da heç bir ödül və ya mükafata layiq görülməməsi bir soydaşı kimi məni çox düşündürür. Görəsən, hansı səhvlərə yol verib, günahı nədir?..
İnanıram ki, "Dövlət baba"nın bundan xəbəri olsa, bu qocaman ədibin halal haqqı tezliklə ünvanına yetişər...
Hörmətlə, Elman Eldaroğlu