Şakir Xanhüseyn - ÖTÜRMƏK
olmur fikri başdan ötürmək ki, get,
candan acıları ötürmək ola...
biləsən nə qədər ağırlıqdadı,
ələ bir ağrını götürmək ola...
dağa ötürəsən dumanı, çəni,
gözlərinə duman, çən yığılmaya.
ötürəsən gedə
gedər-gəlməzə,
ürəyə bir damcı kin yığılmaya...
yola ötürəsən yolçunu, ancaq
qəlbinin yolçusu kədər olmaya...
beynə ötürəsən hansı duyğunu
bu günün dünəndən betər olmaya?
günəş, işığıyla bir, yer üzünə
ya bəlkə ötürür qaranlığı da...
...ötür mənə sarı bir söz, ilahi,
elə qanad verə hissə, ağıla,
zülmətdə yaşayam mən işığında...