Şahnaz Şahin - Bir gün bezəcək tanrı
Bir gün bezəcək tanrı,
Hər şeyə xətt çəkəcək.
Bu Göy göydən düşəcək.
Bu Yer yerə çökəcək.
Buludlar baş götürüb
Gedəcək əlimizdən.
Küləklər küskün küskün
Keçəcək önümüzdən.
Yaşıl yaşıl ağaclar
Saralacaq sapsarı.
Quruyacaq güllərin
Körpə tumurcuqları.
Əl açıb yalvarmağa
Tanrı tapmayacağıq.
Yas tutub ağlamağa
Ağrı tapmayacağıq...
Adamlar, ay adamlar
Bir azca əl saxlayın.
Sonda geri dönməyə
Nə olar yol saxlayın.
Bu torpağın bağrına
Nə yaralar vurdunuz.
Iki evin yerində
Bir qəsəbə qurdunuz.
Uca-uca binalar
Susub, nəğmə oxumur.
“Yaman gününü” qonşusu
Bir-birini tanımır.
Qapılar qıfıllıdı,
Buz tutub pəncərəsi.
Birmərtəbə ev tikin,
Quşlar yuva qurası...
Şumlayın bu torpağa
Sevgi əkin, eşq əkin.
Qurana, İncilə yox
Bu torpağa and için.
Yoxsa bezəcək tanrı..,
Hər şeyə xətt çəkəcək.
Göy Göylükdən düşəcək,
Gördüyü işgəncəyə,
Ağrılara dözməyib,
Yer də yerə çökəcək...