Təranə Məmməd : - Baharda doğulan qadın

Onun evində qiymətli əşyalar çox idi. Vaxtilə alınıb otaqlara yığılmış antikvar mebel və qab - qacaq, otaqları işıqlandıran bahalı çılçıraqlar, qızıl zinyət əşyaları. Lakin evin xanımı üçün çox əziz və qiymətli olan bir nəsnə haqda onun özündən başqa heç kim bilmirdi.
Ömür keçdikcə evdəki qiymətli əşyalar nəinki heç bir əhəmmiyyət kəsb etmir, hətta bəzən onu darıxdırırdı. Bəlkə o üzdən həyat yoldaşı öldükdən sonra qadın vaxtının çoxunu həyətdə, çiçəklərin arasında keçirməyi çox sevirdi. Ona elə gəlirdi ki, çiçəklər onu daha yaxşı anlayır. Bəzən üzünə gülən, bəzən boynunu büküb gizlənən çiçəklərin səsini eşidirdi canki qadın. Çox vaxt solmuş çiçəklərə saatlarla baxar, onları tər çiçəklərdən daha çox sevər, oxşayardı. Hərdən də düşünürdü ki, əgər bir gün çiçəklər dil açıb danışsa onun bütün sirləri aləmə ağah olacaq. Çünki sevincini, kədərini və ürəyindən keçənlərin hamısını çiçəklərlə, güllərlə bölüşürdü.
Hər yaz baxçada ilk nərgiz gülünü də, ilk bənöbşəni də hamıdan əvvəl görərdi qadın. Bu il hələ bahar çiçəkləri qarın altından təzəcə baş qaldırırdı. Bahar gecikirdi...
Deyirlər baharda doğulan qadınlar fərqli olurlar. Onlar da bahar qədər gözəl, təravətli və bahar qədər zərif olurlar.
Bəlkə baharda dünyaya gəldiyi üçün bu qədər duyğulu, bu qədər incə qəlbli idi qadın. Bəlkə də son illər tənhalığa çevrilən təklik idi onu bu qədər diqqətli və həssas edən.
O, yataqdan durub əl üzünü yudu, adəti üzrə saçlarını arxaya yığıb güzgüyə yaxınlaşdı. Qadın diqqətlə özünə baxır və sanki gözlərinin qıraqlarında, alnında illərin amansız izlərini ilk dəfə görürdü. O, əllərini üzünə, yanaqlarına ehmalca toxunduraraq ürəyində nə vaxtsa oxuduğu şeirdən bir bəndi yada saldı:
Ömür keçir, tutmaq olmur qaçanı,
Qapı örtsən günlər seçər bacanı,
Bacarsaydım durdurardım zamanı
Axı, o da duran deyil,neyləyim...
Geri dönüb divardan asılmış cavanlıq şəklinə baxdı. Şəkildən ona baxan qara saçlı, iri gözlü gözəlin üzündəki təravət , gözlərindəki şövq qadını kədərləndirdi və kövrəltdi. İndi onun kədərli baxışları həm şəklə həm də xatirələrlə dolu uzaq keçmişə baxırdı...
Sonra gözlərini şəkildən çəkib bərbəzəkli otağa göz gəzdirdi, sanki nəyi isə xatırlamaq istəyirmiş kimi bir necə saniyə duruxub qaldı. Otağına keçib dolabı açdı. Dolabın uzaq, qaranlıq küncündən bir saralmış dəftər götürüb otaqdan çıxdı. Bu evin ən qiymətli əşyası olan da elə bu dəftər idi, çünki orada qadının ömrünün demək olar ki hər günü əks edilmişdi. Ailəsində heç kim onun gündəlik yazdığını bilmirdi. Adətən gün ərzində olanları o, gecə uşaqları, həyat yoldaşı yatandan sonra yazırdı dəftərə. Nə qədər yorğun olsa da, mütləq hər gününü qeyd edirdi. Orada həm şən, həm kədərli xatirələr var idi...
O,kresloda oturub bir müddət dəftəri vərəqlədi sonra geyinib həyətə çıxdı . Bahar bağa, baxçaya hələ təzə qədəm qoyurdu. Ağacların budaqları il ərzində daxilində saxladığı sirləri çiçəkləyərək açmaq istəyində idi. Həyətdə sanki iki fəslin mübarizəsi gedirdi. Nə qış geri çəkilir, nə yaz irəli keçirdi. Bir zaman, elə bahar çağında bu həyətə gəlin gəlmişdi qadın. O vaxtdan bu həyət onun doğma ocağına çevrimişdi.Həyat yoldaşı öləndən sonra uşaqlar analarını Bakıya aparmaq istəsələr də, qadın öz oçağını qoyub heç yerə getməmişdi bölgədən.
Ömrünün günlərini qucaqlayırmış kimi xatirə dəftərini- evinin ən dəyərli əşyasını bağrına basmışdı qadın. Uzun müddət idi ki,bu dəftərə heç bir qeyd etmirdi.Çünki son illər həyatı adiləşmiş və günləri bir- birinə bənzəyirdi. İndi onun həyatında nə çılğın duyğular, nə həvəs , nə də qeyri-adi əlçatmaz bir arzu var idi. Dualarında yalnız sevdiklərinə sağlamlıq arzu edər, özünə isə heç kimə möhtac olmadan yaşamaq imkanı diləyərdi Allahdan. Beləcə bölgələrin birində yaşlı, tənha qadının ömrü həzin bir cay suyu kimi axaraq ötüb keçirdi...
O, dəftərə diqqətlə baxdı sonra bayaqdan bağrına basıb saxladığı dəftərin vərəqlərini bir -bir xırda parçalara bölməyə başladı...
Bayaqdan yavaş-yavaş yağan yağış kiçik kağız parçalarını havadaca isladıb yerə endirir, həzin əsən mehin onlara toxunmasına mane olurdu. Qadın səbəbini özü də bilmədən sanki öz həyatının böyük bir hissəsi ilə vidalaşırdı bu gün...
Bu gün onun doğum günü idi... İndi geridə bu gün kiçik kağız parçalarına çevrilib həyətə səpələnən keçmiş, irəlidə isə tək bir Yaradana məlum olan ömür müddəti var idi....