Aida Adıgözəl : - Gedəcəyəm bu şəhərdən...

Gedəcəyəm bu şəhərdən bu gecə,
bəlkə elə indi, indi, indicə.
Düşünürəm ovucumda saçlarım,
qayıtmayım bu şəhərə ölüncə.
Qayıtmayım... dalımca at qara daş,
nə dost tapsın məni, nə qohum-sirdaş.
Elə gedim izlər özün itirsin,
yollar da karıxsın, qalsınlar çaş-baş.
Yollar da karıxsın... itən kölgəyə,
bu qəfil gedişə, çarpaz döngəyə.
Saralsın gözlərin kökü həsrətdən
ümidlər üzülsün, dönə, dönməyə.
Ümidlər üzülsün... sən şəhərlə qal,
boğazını sıxan küt qəhərlə qal.
Axtarsın gözlərin küçəbəküçə
gedim... sən açılmaz bu səhərlə qal.