Rafail Inceyurd Ismayilov · : - Hər yaz gələndə

Gah körpə ətirli bələyə dönür,
Gah yıxıb-sürüyən fələyə dönür,
Gah da zühr eləyən mələyə dönür
Sirri pünhan olan avaz gələndə,
Dünya təzələnir hər yaz gələndə.
Gözəl qız! Nəsimdi aldığın nəfəs,
Gözlərin haləsi bəs eləyir, bəs!
Coşur həyat eşqi, çoxalır həvəs
Çöllərin qoynuna o naz gələndə,
Həyat təzələnir hər yaz gələndə.
Gördükcə nəğməli şən cocuqları
Yenidən qurulur can uçuqları.
Dodağı çartlayan tumurcuqları
Çiçəyə döndərir muraz gələndə,
Könül təzələnir hər yaz gələndə.
Gör zaman nə çəkir kimlərin üstə?
Mehri-məhəbbəti kəmlərin üstə?
Şikəstə zillənir bəmlərin üstə
Sinəyə havalı tar, saz gələndə,-
İlham təzələnir hər yaz gələndə.
Mütləq həqiqəti elədikcə dərk
Sevgidən yapışır adamlar bərk-bərk.
Köhnə dərdlərini dəfn edir ürək
Arzu niyyət ilə taraz gələndə,
İnam təzələnir hər yaz gələndə.
Əməlin verirsə barat ellərə,
Etdirmə həvəsi qarət illərə.
Darılıb eləmə qara tellərə
vaxtın qanadında bəyaz gələndə-
Ömür təzələnir hər yaz gələndə.
Şitəngi müşkülü asan edirsən,
Nimdaş cəsarəti tasan edirsən.
Yerə də, göyə də üsyan edirsən –
“Olar”ın yerinə “olmaz” gələndə...
Ruhdan söz ələnir hər yaz gələndə,
Varlıq təzələnir hər yaz gələndə.