Əbülfət  MƏDƏTOĞLU : - Şəhid anasının son arzusu

Ədəbiyyat 09:00 / 26.03.2025 Baxış sayı: 1338

 

 

Başını söykəyib gecənin üstə,

Səhərin ilməsin çözür bir ana...

Ömründən ağrılı keçənin üstə

Gözündən damanı düzür bir ana...

 

Nisgil göyəribdi qırışlarında,

Dilinin ucunda “Şəhid” bitibdi...

Yurdun döyüş gedən qarışlarında –

Qəlpə yarışında gülüş itibdi...

 

Saçının sol üzün sığallı tutub,

Amma sağ üzünü ahla hörübdü...

Çoxdan yuxuların sayın unudub, -

Oğlunu Şuşadan dönən görübdü...

 

Bayrağa bükdüyü şəkillə onun

Söhbəti uzanır həmin anacan...

Oğul göstərərək Zəfərin yolun –

Deyir: Biz qalibik, şükr et, anacan!

 

Bayrağa bükdüyü şəkillə söhbət

Uzanır “Qırx dörd gün əfsanəsi”tək...

O, möhlət istəyir Allahdan, möhlət –

Bayraq Zəngəzurda ucalsın, görək!..