Tahir Rzayev,millət vəkili :-  "təhlükəsizlik, əməkdaşlıq təmin olunmadan iqtisadi inkişafa nail olmaq mümkün deyil:"

Gündəm 12:21 / 06.04.2026 Baxış sayı: 1615

 

Bu bir  danılmaz  həqiqətdir ki,  2026-cı ildə Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünya birliyinə inteqrasiya siyasətini uğurla davam etdirir. Bu baxımdan, 17–22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Dünya Şəhər Forumu ölkəmizin qlobal platformadakı rolunu bir daha nümayiş etdirəcək. Eyni zamanda, 5 iyun 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününün Azərbaycanda keçirilməsi ölkəmizin ekoloji məsələlərə verdiyi önəmin bariz ifadəsidir. Bu cür mötəbər tədbirlər dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndəni bir araya gətirərək beynəlxalq əməkdaşlığın genişlənməsinə yeni imkanlar açır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan bu gün yalnız regionda deyil, qlobal miqyasda da söz sahibi olan və nüfuzu durmadan artan bir dövlətə çevrilmişdir.

Yenises.az   xəbər  verir ki, millət  vəkili  Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq, dünyaya inteqrasiya olmaq nəinki Azərbaycan üçün, eyni zamanda dünya ölkələri üçün həm təhlükəsizliyin təmin olunması, həm iqtisadi inkişafın sürətləndirilməsi, eləcə də ölkələr arasında münasibətlərin yaxşılaşdırılması baxımından vacibdir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahədəki diplomatik səyləri öz nəticələrini verir. Bu gün dövlətimizin başçısı nəinki regionda sabitliyin yaradılması, eləcə də dünyada dünya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə çox böyük önəm verir. Nəticə göz qabağındadır. Bu gün Azərbaycan qalib bir dövlət olmaqla bərabər, həm də iqtisadi cəhətdən inkişaf edən, dünyada söz sahibi olan bir dövlətə çevrilmişdir.

Sözsüz ki, bu, beynəlxalq əməkdaşlığın inkişafı ilə sıx surətdə əlaqədardır. Çünki Azərbaycan bu gün dünyanın əksər ölkələri ilə iqtisadi ticarət əlaqələrinə malikdir və nəzərə alsaq ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır və artıq dünyanın 16 ölkəsinə qaz ixrac edir, onda beynəlxalq əməkdaşlığın nə qədər vacib olduğunu təsdiq etmiş olarıq”-deyə deputat qeyd edib.

Tahir Rzayev bildirib ki, təhlükəsizlik, əməkdaşlıq təmin olunmadan iqtisadi inkişafa nail olmaq mümkün deyil: “Bu, günün reallığıdır. Bu gün qonşu ölkələrdə baş verən hadisələr Rusiya-Ukrayna, İran-İsrail ilə ABŞ ittifaqı müharibəsi, eləcə də digər ölkələrdə baş verən müharibələr dünya iqtisadiyyatını çətin problemlər qarşısında qoymuşdur. Sözsüz ki, bu, Azərbaycana da təsirsiz ötüşə bilməz. Çünki Azərbaycan bu ölkələrlə sıx əlaqədədir. Buna görə də həmin ölkələrdə təhlükəsizliyin təmin olunması, ictimai-siyasi sabitliyin yaradılması, buna dəstək verilməsi bir bəşəri dəyərdir və hər bir dövlət bu yolda öz səylərini ortaya qoymalıdır”.

Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla sıx əlaqə saxlaması, eləcə də dünyada sülhün əmin amanlığın təmin edilməsi yolunda atdığı addımlar, Azərbaycanda keçirilən bir çox beynəlxalq əhəmiyyətli tədbirlərdə özünün aydın ifadəsini tapır: “Bu gün Azərbaycan mədəniyyətlərin qovuşduğu bir məkana çevrilib. COP29-un keçirilməsi, burada qlobal forumların keçirilməsi, bir çox idman yarışlarının keçirilməsi, digər tədbirlərin gündəmə gəlməsi sözsüz ki, beynəlxalq əməkdaşlığa yeni imkanlar yaradır və Azərbaycan da bu amillərdən bəhrələnir.

Bu səbəbdən də bir çox beynəlxalq aləm, təşkilatlarda sözümüz keçərlidir və Azərbaycan öz diplomatik təşəbbüsləri ilə göstərir ki, heç bir münaqişənin, müharibənin axırı yoxdur. Və ən vacib yol əməkdaşlığa, sülhə gedən yoldur. Çünki Ermənistanla aramızda olan uzunmüddətli münaqişə və torpaqlarımızın uzun illər işğal altında olması, bunu bir daha sübut etdi. Biz bu gün qürurluyuq ki, torpaqlarımız işğaldan azaddır və haqqımız beynəlxalq hüquq normaları çərçivəsində müdafiə edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin uzaqgörənliyin, sülhə əmin amanlığa əməkdaşlığa verdiyi dəyərin bir nəticəsidir”.

Tahir Rzayev bildirib ki, belə mötəbər tədbirlərin məhz Azərbaycanda keçirilməsi ölkəmizin artıq sadəcə iştirakçı yox, qlobal proseslərə təsir edən bir mərkəzə çevrildiyini sübut edir və bu platformalar yalnız bugünü deyil, Azərbaycanın gələcək mövqeyini formalaşdıran çox vacib fürsətlər yaradır.