Ayaz Arabaçı - Dəmir çarıq geyinib sənə getməkdən ötrü

Ədəbiyyat 16:22 / 06.04.2026 Baxış sayı: 357

Dəmir çarıq geyinib sənə getməkdən ötrü,

Ayaqlarım yolları yorar son günə qədər.

Bu bir Məcnun eşqidi, bir Leyla sevdasıdı,

Məni bir saat kimi qurar son günə qədər.

 

Başıma çox dumanlıdı, bilmirəm nə tür azım?

O gözəl gözlərində bir ömür itir, azım..

Yoxdu mənim dediyin nəyəsə etirazım,

Sənindi ancaq sənin, qərar, son günə qədər..

 

Bu bir sevda deyil ki, ömrümün tilsimidir,

Saçlarının hər teli ürəyimin simidir,

Səninlə hər xatirəm bir xəzinə kimidir,

Qəlbimin mücrüsündə durar son günə qədər.

 

Sözgəlişi demirəm, çox düşündüm dərindən,

Eşq imiş bu dünyanı çıxardan məhvəridən,

Dərs aldım yetərincə uşaqlıq səhvlərindən,

Eləmərəm eşqindən fərar, son günə qədər..

 

Gələ bilər sözlərim bəzən sənə adi də..

Sən bənzəri olmayan, bircəm, birim, nadidə..

Ürəyim həyəcanla balaca bir vadidə,

Ancaq sənin eşqinlə vurar son günə qədər.