Aləm Kəngərli - Sən bu şeirləri kimə yazırsan?
Daha ürəyimdə dözüm qalmayıb,
Yanıb külə döndüm, közüm qalmayıb.
Başqa deyiləsi sözüm qalmayıb,
Sən bu şeirləri kimə yazısan?
Mən necə gizləyim, mən necə danım,
Sən keçən yollardır mənim ünvanım.
Sirrini açsana, ay gözəl xanım,
Sən bu şeirləri kimə yazırsan?
O, məndən şirinmi, yoxsa, gözəlmi,
Məndən mehribanmı, safmı,əzəlmi,
Nədir üstünlüyü, məndən özəlmi,
Sən bu şeirləri kimə yazırsan?
Məzmundan çəkisi, boyu bilinmir,
Milləti bilinmir, soyu bilinmir,
Nə vaxt olmalıdı toyu, bilinmir,
Sən bu şeirləri kimə yazırsan?
Saçları, gözləri, qaşı necədir,
Ağıllı, kamallı, naşı, necədir,
Varmı bir iş-gücü, yaşı neçədir,
Sən bu şeirləri kimə yazırsan?
Ağırmı, yüngülmü aparır özün,
Mənim tək sadiqmi, tuturmu sözün,
Cavab ver, qalmayıb canımda dözüm,
Sən bu şeirləri kimə yazırsan?
Nə vaxtsa incidib, döz demişəmmi,
Sənə güldən ağır söz demişəmmi,
Məndən ümidini üz demişəmmi,
Sən bu şeirləri kimə yazırsan?
Bilirəm, dalınca sürünən çoxdur,
Dil töküb, yüz cildə bürünən çoxdur,
Ancaq mənim qədər sevənin yoxdur,
Sən bu şeirləri kimə yazırsan?
Tarix göstərirsən, ayın gizləyib,
Oxunu atırsan, yayın gizləyib.
Ələnən bəylərin sayın gizləyib,
Sən bu şeirləri kimə yazırsan?
Bəlkə elə mənəm, nişan versənə,
De, sevinc, səadət gətirim sənə.
Sevirsənsə, qoyma, ürəyim sönə,
Sən bu şeirləri kimə yazırsan?
Söylə, söylə mənə, kimə yazırsan?!
Aləm Kəngərli