Tahir Rzayev, millət  vəkili : - "  Əldə olunan nəticələr gələcəyə inamla baxmağa imkan verir."

SİYASƏT 10:48 / 11.06.2024 Baxış sayı: 2065

“Son illər Azərbaycan-Misir əməkdaşlığı və dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Əlbəttə ki, bu, hər iki dövlətin milli maraqlarına uyğundur və ölkələrin gələcək inkişafına hesablanıb. Hər iki ölkə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında təmsil olunurlar. Bu təşkilatlar çərçivəsində özlərinin müəyyən məsələlərinin həll olunmasında yekdil mövqedən çıxış edirlər. Digər tərəfdən Misir COP27-ə sədrlik etmiş ölkədir və bu sahədə müəyyən təcrübəyə malikdir. Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək və sözsüz ki, səfər zamanı bu məsələlərin bir daha gündəmə gətirilməsi, beynəlxalq aləmdə ölkələrimizin dünyada rolu yüksək qiymətləndirilib”.

Yenises.az bildirir ki, bu fikri öz  açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, ölkə başçısı İlham Əliyevin Misirə səfəri uğurlu olmuşdur: “Keçirilən görüşlər, imzalanan sənədlər, mətbuata verilən bəyanatlardan aydın görünür ki, vacib olan bir çox məsələlər gündəmdə olmuş və müəyyən sənədlər imzalanmış, razılıqlar əldə edilmişdir. Bu xüsusən enerji, tikinti, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığa dair mühüm sənədlədir ki, bu da iki ölkə arasındakı əməkdaşlığa yeni təkan verir.
Sözsüz ki, Misir Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsində potensiala malik olan ölkədir. Geniştərkibli görşülərdə bu məsələlərin gündəmə gətirilməsi və əldə olunan nəticələrin təhlili, eləcə də qarşıda duran perespektivlərin müzakirəsi göstərir ki, gələcəkdə imkanlar daha da genişləndiriləcək. Azərbaycan və Misir prezidentlərinin mətbuata verdiyi bəyanatlardan da bu aydın şəkildə görünür.

Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, son illər Misirlə Azərbaycan arasında ticarət dövriyyəsi bir neçə dəfə artsa da, bu bizi qane etmir. Daha mühüm yollar araşdırılmalı və əlaqələr genişləndirilməlidir. Əlbəttə ki, əldə olunan nəticələr gələcəyə inamla baxmağa imkan verir. Ölkə baçısı da bu baxımdan qeyd edib ki, bu gün imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar bu istiqamətdə bizə kömək edəcək.

Misir bu gün dünyanın inkişaf etmiş ölkələrindən biridir. Sözsüz, Azərbaycanla münasibətlərin genişləndirilməsi dövlətimizin iqtisadi ticarət sahəsində imkanlarının genişləndirilməsinə imkan yaradır. Misir Prezidenti də mətbuata çıxışında qeyd edib ki, Azərbaycan Prezidentinin Cənubi Qafqazda sülh və əmin-amanlıq, əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirib.
Bu gün işğaldan azad edilmiş ərazilərdə bir çox ölkələrin şirkətləri, iş adamları iştirak edirlər. Misir şirkətlərinin də bərpa-quruculuq işlərində fəal iştirak etməsi günün vacib məsələlərindən sayılır və görüş zamanı da bir daha gündəmə gətirildi. Azərbaycan Respublikasının Prezidentinin Misirə səfəri uğurlu olmuşdur. Hər bir səfər dövlətimizin gələcəyi, ölkəmizin beynəlxalq aləmdə tanınması, əlaqələrin genişləndirilməsi, dostluq və qardaşlıq üçün vacib, əhəmiyyətlidir”.