Tahir Rzayev, komitə sədri : - " Molla rejiminin Azərbaycana və Türkiyəyə qarşı həyata keçirdiyi terror tədbirləri onun məhvini daha da yaxınlaşdırır."
"Bu gün bir çox ölkələrin İranın Naxçıvana qarşı törətdiyi hücum əməllərinə ciddi əks-səda verdikləri bir vaxtda, əlbəttə ki, güneydə yaşayan azərbaycanlılar da öz səslərini ucaltmalıdırlar".
Yenises.az xəbər verir ki, bu sözləri Milli Məclisin komitə sədri Tahir Rzayev İranın Naxçıvana atdığı dronlardan sonra Güney azərbaycanlılarının etməli olduqlarından danışarkən bildirdi.
Komitə sədri bunu da xatırladıb ki, onlar bizim canı bir, qanı bir qardaşlarımızdır və Azərbaycan daimi olaraq güneydə yaşayan soydaşlarımızın taleyi ilə maraqlanıb, yeri gələndə onların müdafiəsinə qalxıb:
"Həmin insanlar üçün məktəblərin açılmasını, onlara lazımi diqqət göstərilməsini, digər məsələlərin həllində soydaşlarımızın yanında olduqları dəfələrlə bəyan edilib. Belə bir vəziyyətdə biz demirik ki, onlar orada inqilab etməlidirlər, çevriliş cəhdləri göstərməlidirlər, amma öz səslərini mütləq ucaltmalıdırlar. Bu mənfur, riyakar, nankor əməlləri qiymətləndirməli, etirazlarını bildirməlidirlər. Bunun üçün İran rəsmilərindən günahkarların cəzalandırılması tələb olunmalıdır".
Deputat qeyd etdi ki, bu gün İran çıxılmaz bir vəziyyətdədir.
"Ancaq onun əməlləri, molla rejiminin Azərbaycana və Türkiyəyə qarşı həyata keçirdiyi terror tədbirləri onun məhvini daha da yaxınlaşdırır. Ancaq Azərbaycan və qardaş Türkiyə həmişə İranda sabitliyin, əmin-amanlığın bərqərar olması arzusunda olublar və bu gün də belədir. Lakin İranın mənfur siyasəti, qonşularına qarşı terror və təcavüz əməlləri münasibətlərə ciddi kölgə salır. Bu, sözsüz ki, güneydə yaşayan azərbaycanlılar tərəfindən də öz qiymətini almalıdır. Onlar baş verən hadisələrə laqeyd yanaşmamalıdırlar. Çünki bu, onların gələcək taleyi üçün də çox vacibdir. Hüquqlarının pozulması, incidilmələri, onlara bir çox məsələlərdə ögey münasibət göstərilməsi, əlbəttə ki, bizləri narahat edir. Güneyli qardaşlarımız da Azərbaycana qarşı törədilən bu terror aktından narahat olmalıdırlar. Ciddi əks-səda verilməli və sözsüz ki, İran İslam Respublikasının mənfur, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun gəlməyən əməlləri ciddi tənqid olunmalıdır", - deyə Tahir Rzayev yekunlaşdırdı.