Tahir  Rzayev, millət  vəkili : - " Bu  qaydalar  daha  səmərəli, keyfiyyətli  fəaliyyətə  stimul  verəcək."

İqtisadiyyat 18:01 / 01.10.2025 Baxış sayı: 4951

Bu  gün  artıq  hər  kəsə  məlumdur  ki, Baş nazir Əli Əsədov kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydalarını təsdiq edib. Yeni qaydalar ilə kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaata icazə verilən hallar və həddlər müəyyənləşdirilib.

Qəbul  edilmiş   qanunun  incəlikləri  barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev mətbuatla  fikirlərini bölüşüb.  

Millət  vəkilinin  sözlərinə görə, Torpaq Məcəlləsinə edilmiş dəyişiklik bilavasitə sahibkarların mənafeyinə, kənd təsərrüfatının inkişafına, həm də işçilərin rahatlığına xidmət edir.

T.Rzayev bildirib ki, 5 hektardan az olmayan kənd təsərrüfatı torpağında mülkiyyətçi otlaq-örüş sahələri istisna olmaqla, bir faiz ərazidə əsaslı tikinti apara bilər, quraşdırma işlərinin həyata keçirilməsinə imkanlarına malikdir:

“Bu işlərin səmərəli görülməsi orada işləyən işçilərin rahatlığı, vaxt itkisinin qarşısını almaq üçün yaradılan imkandır. Çünki elə əkin sahələri var ki, onlar yaşayış məntəqəsindən xeyli uzaqdır, işçilər ora nəqliyyatla gedib gəlməlidirlər və ya vaxt itirməlidirlər. Ancaq bu dəyişiklik imkan verir ki, həm də həmin torpaqlarda müvəqqəti yaşayış üçün binalar, evlər inşa edilsin və müəyyən müddətdə fermerlər, iş adamları həmin vasitələrdən istifadə edib işlərini səmərəli, keyfiyyətli həyata keçirsinlər”.

“Bu, əhəmiyyətli bir dəyişiklikdir və Nazirlər Kabineti tərəfindən artıq təsdiq olunub. Sözsüz ki, bu tədbirlər istər tikinti, istərsə də quraşdırma işləri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun həyata keçirilməlidir, ərazilər dəqiq müəyyən olunmalıdır. Ancaq su sisteminin, istilik sisteminin, istixanaların yaradılması üçün heç bir icazə tələb olunmur və burada sahənin həcmi nəzərə alınmır. Yenə də xatırladıram ki, bu tədbirlərin həyata keçirilməsi bilavasitə fermer əməyinin yüngülləşdirilməsinə və işlərin əsaslı qaydada görülməsinə yönəldilib”, - T.Rzayev əlavə edib.