Şakir Xanhüseyn - baxıram, biri ayağını elə bil

Ədəbiyyat 19:05 / 03.03.2026 Baxış sayı: 157

 

***

baxıram, biri ayağını elə bil

yerə deyil,

bir fikir üstə basır

ehtiyatla,

ehmalca;

deyirsən ayağının altında

bir ehtiyac qışqıracaq indi

nə bilim, bir borc qışqıracaq...

yüz dərənin suyunu qatır bir-birinə

bir arx da eləmir,

sanki ovcunda tutmuş

qızdırılmış bir dəmir...

səsini də

çıxarmır ki,

başında yatan bir ağrısı oyanar,

acısı oyanar...

heç bəlkə fikirləşmir o

ürəyi elə bir yolla gedər,

ayağı dözməyib buna dayanar...