SÜLEYMAN ABDULLA. -  ÇƏRŞƏNBƏLƏRİN ŞEİRİ

Ədəbiyyat 17:16 / 03.03.2026 Baxış sayı: 128

 

 

Od çərşənbəsində xatırladım ki,

mütləq

hər kəsin atəşə düşdüyü

və ya düşəcəyi bir gün var.

İliyə işləyən

bumbuz küləklərin alovlandırdığı

bir tonqal ətrafında dayanıb

sinənin közərdiyi,

kürəyini soyuqların apardığı bir gün...

Sən sudan danış, dostum,

zaman kimi sakit-sakit axıb

tükədən bir ömür misalı...

Bir də ayılarsan ki,

artıq ömrünün torpaq çərşənbəsindəsən.

Bəlkə də sonuncusudur bu...

Bəlkə də deyil...

İl dəyişər,

fəsillər təzələnər,

tumurcuqlar çatlayar

baharın ilıq nəfəsindən...

Hər şey özünə qayıdar,

dönər ilkinə...

Amma

bir gün çiçəklənənin

bir gün solacağı

təbiətin dəyişməz qanunudur, dost...

Dərindən köks ötürüb

ah çəkməklə

qaytara bilməzsən keçmişi...

Təkcə sən qayıda bilməzsən əvvələ,

özünə,

ilkinə...

03.03.2026