Əşrəf Veysəlli - QOCA
Yenə arzuların çiçək- çiçəkdi,
Ay qoca dünyaya tay olan qoca.
Kim nə deyir desin, bəy oğlu bəydir
Elə yaranışdan bəy olan qoca.
Həvəs o həvəsdi, can o can deyil,
Heç öz əməlindən peşiman deyil.
Kimsədən sədəqə, pay uman deyil,
Özü bu torpağa pay olan qoca.
Sızlayan sinəsi söz paytaxtıdı,
Şeirli günləri ən xoş vaxtıdı.
Bəlkə də dünyanın ən xoşbəxtidi
Hələ dizlərində hey olan qoca.
Gözünün nurunu yaşlar apardı,
Payızın barını qışlar apardı.
Səpdiyi darını quşlar apardı,
Neyləsin zəhməti zay olan qoca?
Yenə nə axtarır, yenə nə gəzir
Yoxsa viranədə xəzinə gəzir.
Altının döşəyi bu yer kürəsi,
Üstünün yorğanı göy olan qoca.
2019- cu il.