Meyxoş Abdukkah - Seyran Səxavət böyüklüyü...
(Böyük yazıçımız Seyran Səxavətin 80 illik yubileyi ərəfəsində)
Yazıçı Seyran Səxavəti gənclik illərimdən, şeirləriylə tanımışam. Gözəl şeirlər yazırdı. Nəsrə keçəndən sonra hekayələrini, povest və romanlarını oxudum. “Daş evlər”, “Qızıl teşt”, “Nekroloq” kitabları mənim ən çox sevdiyim və oxuduğum kitablardan idi. O vaxt ən səs-küylü əsəri “Qızıl teşt” əsəri idi. Bu əsər müəllif haqqında bəzi miflərin yaranmasına da səbəb olmuşdu.
Onunla ilk görüşüm mərhum şairə Fərqanə Mehdinin oğlunun toy məclisində oldu. Bir masada oturmuşduq. İmzamı tanısa da, bu vaxtadək görüşməmişdik.
Səs-küylü toy məclisində qısa söhbətimiz oldu. Ən çox da yadımda qalan onun mənə: -
“ Bir-iki hekayəni oxumuşam. Sən yaxşı yazırsan, ruhuma yaxın adamsan” sözləri oldu.
Əlbəttə ki, bu boyda yazıçıdan belə sözləri eşitmək mənim üçün çox xoş oldu. Onu da deyim ki, Seyran müəllim nə qədər böyük yazıçı olsa da, heç kəsin qəlbini qırmağa çalışmır. Təbii ki, mən bunu yazı-pozu əhli üçün deyirəm. Onun bir çox gənc yazıçı və şairlərin yaradıcılığı haqqında dediyi müsbət fikirlərə rast gəlmişəm. O bilir ki, bu adam o qədər də güclü yazmır. Amma axtarıb onun bir azca işıqlı, “tumurcuq verən” yazısından söhbət açaraq, yaradıcı adamı ruhlandırır. Bu da Sehran Səxavətin böyüklüyündən irəli gəlir.
... Toy məclisinin sonunda dostumuz Faiq Balabəyli də olmaqla üçümüz bir şəkil çəkdirdik. Elə o gündən Seyran Səxavət istiliyi, mərhəmliyi mənim qəlbimə hopdu.
İkinci dəfə Seyran müəllimlə görüşümüz Yazıçılar Birliyində, onun iş otağında oldu. Ayaqüstü söhbət zamanı, ona “Qapısı gecə döyülən qadın” kitabımı hədiyyə etdim. - Mütləq oxuyacağam! - dedi.
Onun “mütləq oxuyacağam” sözlərinə o qədər də inanmadım. Çünki bəzi yazıçı və şairlər onlara hədiyyə olunan kitabların heç üzünü belə açmırlar. “İndi heç kim, heç kimin kitabını oxumur” fikri də elə, deyəsən, buradan yaranıbdı. Hətta, gülməli bir məqamı deyim ki, siz də biləsiniz. Tanınmış yazıçı dostlarımdan biri hər dəfə mənimlə rastlaşanda ərkyanalıqla deyirdi: - “Əyə, o kitablarından birini də ver biz oxuyaq da...” Onun bu sözlərindən sonra, mən də hər dəfə ona bir kitab hədiyyə edirəm. Bu hesabla o kişiyə düz dörd kitabımı hədiyyə etmişəm. Zalımoğlu bircə dəfə də olsun kitabın üzünü açıb baxmayıbdı. Amma yenə də kitab istəməyində davam edir.
Hə, qayıdıram, o məsələyə. Seyran müəllimlə görüşümüzün üstündən az bir müddət keçmişdi. Telefonuma zəng gəldi. Tanış olmayan nömrə idi. Açdım. - “Salam, Meyxoş. Necəsən?”- deyə telefonda kim isə xırıltılı bir səslə soruşdu.
Cavab verməyə macal tapmamış; - Seyran Səxavətdi danışan, - dedi.
Doğrusu, çaşıb qaldım. Doğurdanmı, odur? Amma elə o dəqiqəcə bu adamın Seyran Səxavət olduğuna tam olaraq inandım. Sanki dərin bir quyunun dibindən gələn xırıltılı və heç kəsin səsinə bənzəməyən ecazkar səs, bu zamanədə ancaq Seyran Səxavətə məxsus idi.
- Bilirsən, niyə zəng etmişəm? – deyə əlavə etdi.
- Buyurun, Seyran müəllim, mən sizi eşidirəm, - dedim.
- Sənin kitabını oxumuşam. A kişi sən gözəl yazıçı imişsən ki. Halal olsun sənə. İnan əsərlərin məni çox təsirləndirdi. Axıra qədər belə qal, sənin qələmin çox qiymətlidir. Öz qədir-qiymətini bil.
Açığını deyim ki, əsərlərim haqqında yüksək fikirlər deyən bir çox elm adamları, yazıçı şairlər, tənqidçilər, oxucular olmuşdu. Amma Seyran Səxavət kimi böyük bir yazıçıdan əsərlərim haqqında belə xoş sözlər eşitmək, doğrusu, məni qəlbən sevindirdi.
Adam başqalarından çox təriflər eşidir. Elə təriflər var ki, adam onu xalaxətrin qalmasın deyə dinləyir. Amma bəzən adamı dəyəri olan, özünə hörmət qoyan birisi tərifləyir. Onda o tərif adamın ürəyinə yağ kimi yayılır.
Seyran Səxavət hamı ilə ünsiyyət qurmağı bacaran insandır. Səmimidir, savadlıdır, incə yumora malik bir yazıçıdır. O, həm də, qəlbən kövrək birisidir. Bir dəfə televizorda yaxın dostu, tanınmış aktyor Fuad Poladov haqqında danışarkən için-için ağladığını gördüm.
Seyran Səxafət əzablarını içində gizlətməyi bacaran bir insandır. Əsl yazıçı, mənə görə belə olmalıdır.Yazıçının həyatda hər kəsə yazığı gələ bilər, bircə özündən başqa. Çünki onun çəkdiyi ağrılar o qədər böyükdür ki, onu ancaq özü dərk edə bilir.
Yazıçı ömrünün sonuna kimi qəlbində kələf kimi pırtlaşıq düşmüş fikirlərin, sirrlərin içində vurxunur. Yazıçının içindəki inadı, gücü dağı, qayanı yerindən oynada bilər, amma zahirdə adicə qarışqanın bir qıçını qoparmağa belə gücü yetməz.
Seyran müəllimin mənə olan səmimiyyətinə bəzi dostlarım da şahiddir. Belə ki, dostumuz gözəl şair Faiq Balabəylinin, Rəşid Behbudov adına Azərbaycan Dövləqt Mahnı Teatrında keçirilən yaradıcılıq gecəsinə mən də dəvət olunsam da, üzrlü bir səbəbdən iştirak edə bilmədim. Dostların bildirdiklərinə görə, Seyran Səxavət həmin görüşdə çıxışının beş-on dəqiqəsini məni tərifləməyə həsr edib. Əlbəttə ki, bu məni sevindirməyə bilməzdi.
Seyran Səxavət haqqı sevən, haqqı müdafiə edən, həm də haqqını tələb edən bir yazıçıdır.
Bir gün yenə də, Seyran müəllim mənə zəng vurmuşdu. Hal-əhvaldan sonra, danışığından hiss etdim ki, bir azca məndən incikdir. Səbəb də budur ki, mən internet səhifəmdə babayla nəvə haqqında bir statust paylaşmışdım. O fikir təxminən belə idi: - “Baba ilə nəvə bir-birlərini ona görə çox sevirlər ki, onlar ikisi də eyni ağılda olur”.
Sən demə, bu sözlərin müəllifi Seyran Səxavət imiş. Mən bu fikri hardansa eşitmişdim, amma bu fikrin müəllifi Seyran Səxavət olduğunu, doğrusu, bilmirdim. Üzr istədim və statustu dəyişdim. O dəqiqə də barışdıq.
Bu yazını Seyran müəllimin 80 illik yubileyi ərəfəsində yazıram. Seyran müəllimi 80 illik yubileyi münasibətiylə təbrik edir, ona cansağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, qismət olsun onun 90 illik yubileyində iştirak edim. Allah bu arzumu hər ikimizə nəsib etsin, inşallah.